Sabirabad səhiyyəsinin ciddi müalicəyə ehtiyacı varbackend

Sabirabad səhiyyəsinin ciddi müalicəyə ehtiyacı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətin son illər səhiyyə sisteminə xüsusi diqqət yetirməsi göz qabağındadır. Ölkə başçısı öz çıxışlarında dəfələrlə Azərbaycan səhiyyəsinin dünya standartları səviyyəsinə qaldırılmasının son dərəcə vacib olduğunu vurğulamış və bu sahədə konkret addımların atılmasına göstərişlər vermişdir. Lakin çox təəssüf ki, bəzən kadrların yerində olmaması müsbət təşəbbüslərin uğursuzluqla nəticələnməsinə gətirib çıxarır; dövlətin diqqət və qayğısının insanların həyatında təzahürünə mane olur, ayrılmış vəsaitlərin havaya sovrulmasına səbəb olur.

Bu gün tibb sahəsinin acınacaqlı vəziyyətdə olduğu rayonlardan biri Sabirabaddır. Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Əziz Mikayılov nazir Oqtay Şirəliyevin etimadından istifadə edərək bu sahəyə ayrılmış vəsaitin mənimsənilməsinə şərait yaradır, qanunsuzluqlara imza atır. Sabirabad Rayon Mərkəzi Xəstəxanası lazımı tələblərə cavab verən müasir tipli binada yerləşir və rayon üzrə 320 çarpayıdan ibarətdir. Onların 205 mərkəzi xəstəxanada olmaqla RMX 7 şöbəni əhatə edir. Burada cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-qinekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, poliklinika şöbələri və vərəm əleyhinə xəstəxana və s. fəaliyyət göstərir.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında 558 nəfər tibb işçisi çalışır. Bunlardan 122 nəfər həkim, 436 nəfər isə orta tibb işçisidir. Vaxtilə xəstəxananın müsbət ənənələri olub, burada xəstələrə yüksək diqqət və qayğı göstərilib, yerli camaat hələ də həmin günləri xatırlayır. Təəssüf ki, Əziz Mikayılov baş həkim vəzifəsinə təyin olunandan sonra xəstəxananın nüfuzu sürətə aşağı düşüb.

Xəstəxananın hazırkı vəziyyəti barədə Milliel.az-a məlumat verən şəxs deyir: “Əziz Mikayılovun baş həkim vəzifəsinə təyin olunması ilə Sabirabad səhiyyəsinin qara günləri başlayıb. Hazırda Mərkəzi Xəstəxanada əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi çox aşağıdır. Üstəlik, dövlət xəstəxanası əhaliyə pulsuz xidmət göstərməli olduğu halda, burada hər şey pulludur. Xəstə xəstəxanaya düşən kimi, qarğa-quzğun kimi hərə bir tərəfdən onun üstünə tökülüşüb öz “şirinliyi”ni tələb edir.

Həkimlər bura gələn insanlara qiymət oxuyurlar. Baş həkim şöbə müdirlərinin qarşısında konkret tapşırıqlar qoyub. Həmin tapşırıqlar əsasında fəaliyyət göstərən şöbə müdirləri və həkimlər vətəndaşları incidirlər. Həkimlər insanlara maddi vəziyyətinə görə xidmət göstərirlər. Kimin pulu varsa onu az qalırlar ki, başlarının üstündə saxlasınlar. Ancaq kasıb adamların üzünə belə baxmırlar.
Xəstəxanada hər addımbaşı vətəndaşlardan “şirinlik” tələb olunur. Bütün növ analizlər və rentgen müayinəsi üçün sakinlərdən nəsə umulur. Halbuki, dövlət hesabına maliyyələşən səhiyyə ocaqlarında tibbi xidmət pulsuzdur. Əziz Mikayılovun isə sanki bundan xəbəri yoxdur”.

Bizə məlumat verən mənbə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya ayrılan dərman preparatlarının və təsərrüfat mallarının təyinatı üzrə sərf edilmədiyini bildirir. Ərzaq məhsulları ancaq kağız üzərində mövcud olur, qış aylarında yanacaq tapılmır. Halbuki bunların hamısı üçün büdcədən vəsait ayrılır. Xəstəxanada qeydiyyatda olan güzəştli xəstələr dərmanı pulla alırlar. Məlum olduu kimi həmin dərmanlar xəstəxanalara göndərilir. Görəsən, xəstəxana rəhbəri həmin dərmanları nə edir? Məhz bu yarıtmaz xidmətə görədir ki, Sabirabad camaatı rahat rayonda hər cür səhiyyə müəssisələri olduğu halda, qonşu rayonlara, ya da paytaxta üz tuturlar.

Mənbə onu da bildirdi ki, baş həkimin idarəçiliyinin aşağı səviyyədə olması xəstəxanada və şöbələrdə intriqaların yaranmasına gətirib çıxarmışdır. “Əslində, Mərkəzi Rayon Xəstəxanasını başqa şəxs idarə edir. Əziz Mikayılovun yalnız adı baş həkimdir. Görünməyən idarəçi Əziz Mikayılovu həmin vəzifəyə qoydurub və hər ay öz haqqını alır. Xəstəxananın işini ağırlaşdıran problemlərdən biri də budur”,- deyə adının çəkilməsini istəməyən mənbə əlavə edir.
Bir sözlə, Sabirabad səhiyyəsi çox ağır durumdadır, necə deyərlər, səhiyyənin özünün müalicəyə ehtiyacı var. Ümid edirik ki, səhiyyə naziri hörmətli Oqtay Şirəliyev tezliklə bu məsələyə öz münasibətini bildirəcək və Sabirabad Rayon Mərkəzii Xəstəxanası normal olaraq sabirabadlılara xidmət göstərəcək.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. / Milliel.az /

İnterpress.az