Bu haqda redaksiyamıza etibarlı mənbə məlumat verib. Mənbə bildirir ki, bu iş Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həyata keçirilir.
“Basta”nın redaksiyasına ödənişin qəbzi də təqdim olunub. Qəbzdən görünür ki, ət dükanının sahibi “Kaspi Mətbuat Yayımı” şirkətinə 62,8 manat ödəyərək, “Yeni Azərbaycan” qəzetinə abunə yazılıb. İlk baxışdan qəzetə abunə yazılışında hər hansı bir qanunsuzluq yoxdur. Lakin mənbə bildirir ki, bu iş məcburi qaydada həyata keçirilir.
“Nə ət dükanlarında, nə də kafelərdə “Yeni Azərbaycan” qəzetini oxuyan yoxdur. Amma əgər ət dükanının sahibi, yaxud kafe sahibi tələb olunan pulu verməkdən imtina etsə, həmin obyektə dərhal Sanitar Epidemoloji Stansiyanın müdiri gəlir. İndi elə qaydalar qoyulub ki, sanepidemstansiya istənilən belə obyekti böyük məbləğdə cərimələyə bilər. Cərimə təhdidi ilə obyekt sahiblərini bu pulu ödəməyə məcbur edirlər ”, – mənbə bildirir.
“Yeni Azərbaycan” qəzetinə abunə yazılışını təşkil etmək, nə İcra Hakimiyyətinin, nə də sanepidemstansiyanın səlahiyyətinə aid məsələ deyil. Dövlət vəsaiti hesabına maliyyələşən qurumların öz səlahiyyət çərçivələrini aşaraq, bu işə qarışması məsuliyyət yaradır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İnterpress.az