Bunu bir neçə gün əvvəl MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində demişdi.
Bildirmişdi ki, Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var.
Keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını da açıqlamışdı – 2 min 800 şantaj videosu. Ərəstun Oruclu 2800 rəqəminin ona mötəbər mənbələrdən verildiyini diqqətə çatdırmış, lakin başqa detallar haqda danışa bilmədiyini söyləmişdi. Qeyd etmişdi ki, E.Mahmudovun “kinoçəkən”lərinin kameralarının hədəfində jurnalistlər, ictimai fəallar, tanınmış şəxslər, o cümlədən yüksək vəzifəli məmurlar və ailə üzvləri olublar. Ə.Oruclu həmin videoların hazırda harada olduğu haqda məlumatsız olduğunu da vurğulamışdı.
“Eldar Mahmudov həmin kompromatları harada saxlaya bilər” sualına cavab axtararkən ən çox diqqətçəkən persona sabiq nazirin qudası, hazırda axtarışda olan Zamirə Hacıyeva oldu.
Niyə məhz Zamirə Hacıyeva?
Eldar Mahmudov 10 ilə yaxın Azərbaycanın milli təhlükəsizlik naziri olub. Bundan əvvəl isə hüquq- mühafizə orqanlarında yüksək vəzifələrdə çalışıb. Onun milli təhlükəsizlik naziri kimi fəaliyyəti dövründə çox təhlükəli oyunlara baş vurmasının fərqində olmaması, sadəcə, inandırıcı deyil. E.Mahmudov gec-tez əməllərinin üstünün açıla biləcəyini fəaliyyəti dövründə çox ciddi şəkildə nəzərə alıb. Onu 8 ay əvvəl tutduğu vəzifədən çıxarıblar, onun əmrinə müntəzir olan idarə rəislərini işdən çıxarıb, generallarını həbsə göndəriblər. Eldar Mahmudovun özü isə azadlıqdadır.
Onu niyə görə həbs etmirlər? Bəlkə həbs edə bilmirlər? Rəsmilər bu haqda susur. Mətbuatda isə E.Mahmudovun həbs edilməməsi ilə bağlı ən ağlabatan versiyalardan, iddialardan biri əlindəki şantaj videoları, kompromatların onu həbsdən sığortalaması ilə əlaqəlidir. Belədirsə, sabiq nazirin əlindəki materialları, onu həbsdən qurtaran videoları harada, kimdə saxlanıla bilər? Əlbəttə ki, xaricdə və ən etibar etdiyi şəxsdə.
Belə şəxs kimi Zamirə Hacıyeva ən ideal personadır. Eldar Mahmudovla Zamirə Hacıyevanı şəxsi tanışlıqları hələ quda olmazdan əvvələ söykənir. Eldar Mahmudov 2004-cü ildə nazir təyin olunandan 8 ay sonra – 2005-ci ilin martında “Qara kəmər” əməliyyatı baş tutdu.
MTN-in gerçəkləşdirdiyi əməliyyat zamanı Hacı Məmmədovun bandası ifşa edildi. Bu əməliyyat Azərbaycanda uzun illər adam oğurlayan, sifarişlə qətl törədən Hacı Məmmədovun bandasının fəaliyyətinə son qoydu. Əməliyyatın planlaşdırılmasına rəvac verən isə 2005-ci il fevralın 10-da şəhərin mərkəzindən Zakirə Hacıyevanın oğurlanması faktı idi. Hacı Məmmədov Eldar Mahmudovun gələcək qudası Zamirə Hacıyevanı oğurlayıb özünün 2-ci həyat yoldaşı Nailə Bağırovanın Keşlə qəsəbəsindəki evində girovluqda 1 ay saxlamışdı. Z.Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyevdən 10 milyon avro tələb etmişdilər. “Qara kəmər” keçirilərkən Z.Hacıyevanın saxlandığı yerin qapısı önündə dayanmış banda üzvü odlu silahdan açılan atəşlə öldürülmüşdü. Sağ-salamat azad ediləndən sonra Zamirə Hacıyevanın onun azad edilməsinə rəhbərlik etmiş bir şəxsə dərin minnətdarlıq hissinin olması da təbiidir. Sonradan Mahmudovlarla Hacıyevlərin qohum olmasında bu olayın yer alması ehtimalı da böyükdür.
Z.Hacıyeva ilə Eldar Mahmudovu yaxınlaşdıran bir qadının girovluqdan azad edilməsi və üzərindən yaranan qohumluq bağlarıdır. Tərəflər bir-birinin inamını, etibarını, etimadını 10 il əvvəl qazanıb və bu illər ərzində qohumluq bağları bu güvəni bir qədər dərinləşdirib.
Z.Hacıyevanın girovluqdan azad edilməsindən 10 il sonra E.Mahmudovu qəfil vəzifəsindən çıxardılar, yaxın ətrafına daxil olan şəxsləri həbs etdilər. Belə bir şəraitdə sabiq nazir həbs olunmadı. Onun əlindəki kompromatlardan istifadə edərək azadlıqda qala bilməsini inandırıcı edən kifayət qədər əsaslı arqumentlər var.
Elə isə 2800 video şəklində olan kompromatları E.Mahmudovun ən etibarlı şəxslərindən birinə, ona inan, etimad göstərən, güvənən şəxsə verərək gizlətməsi, ehtiyac yarandığı təqdirdə ictimailəşdirilməsi haqda qərar qəbul etmə səlahiyyəti verməsi də mümkündür.
Belə bir şəxsin Zamirə Hacıyevanın olmasına maneçilik törədəcək hər hansı bir problem ortada yoxdur.
Bir məqama da diqqət edək – Z.Hacıyevanın adı gündəmə məhz Eldar Mahmudovun əlində 2800 videonun olması xəbəri ictimailəşəndən sonra gəlib. Buna qədər Zamirə Hacıyevanın həyat yoldaşı, hazırda həbsdə olan Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin adı aylarla mətbuatın gündəmində olsa da, Z.Hacıyevanın barəsində məlumatlara rast gəlinmirdi.
Üstəlik, 2800 video haqda məlumatlar ictimailəşəndən sonra Z.Hacıyevanın Beynəlxalq Bankın xəzinəsindən həyat yoldaşının pul qabı kimi istifadə etməsi yada düşdü.
Z.Hacıyevanın barəsində cinayət işi başladı, onu axtarışa verdilər. Cahangir Hacıyevin vəkili Aqil Layıcov isə müsahibə verib dedi ki, Z. Hacıyevanın barəsində məhkəmə qərarı olması doğru deyil: Sitat: “Zamirə Hacıyeva on ildən artıqdır xarici ölkədə yaşayır və oranın vətəndaşıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün ekstradisiyası da mümkün deyil. Buna görə də həmin qərar formal xarakterlidir. Qərarda onun vəkili kimi adı qeyd olunan şəxs də heç vaxt Zamirə Hacıyevanın vəkili olmayıb, onunla heç bir əlaqəsi yoxdur”.
Vəkilin açıqladığı məlumatlar Z.Hacıyevanın E.Mahmudovun kompromatlarını saxlamaq üçün ən ideal şəxslərdən biri olması haqda nəticəyə gəlməyə imkan verir. A.Layıcov deyir ki, Z.Hacıyeva xarici ölkə vətəndaşıdır və onun ekstradisiyası da mümkün deyil. Bu məqam Z.Hacıyevanın E.Mahmudovun kompromatlarını ən etibarlı şəkildə qoruyub saxlamaq üçün imkanlara malik olduğunu söyləməyə əsas verir.
Tamamilə mümkündür ki, E.Mahmudov həbsindən illər öncə əlindəki materialları Hacıyevlərin xaricdəki mülklərindən birinin zirzəmisində, mansardında gizlədilmiş seyfin içində, ya da hansısa gözəllik ilahəsi şəklində imarətin bir küncünə qoyulmuş heykəlin içindəki gizli dolabda saxlayır və Azərbaycanda azadlığını təmin etmiş olur.
Z.Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyevin ittiham aktı üzrə dövlətə vurulmuş zərər kimi göstərilən məbləğin bir neçə qat artığını ödəməsinə baxmayaraq azad edilməməsi də, faktiki olaraq, girovluqda saxlanması da bu məqamla əlaqəli ola bilər.
Qeyd edək ki, Z.Hacıyeva Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə suçlu bilinir, Nərimanov Rayon Məhkəməsi iyunun 1-də barəsində 4 ay müddətə həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verib. (musavat.com)
İnterpress.az