Donetsk Azərbaycanlıları Konqresinin sədri Malik Pirverdiyevin oğlu Cəlal Pirverdiyevin və Ukrayna Tibb Universitetinin 4-cü kurs tələbəsi Fərid Məmmədovun oğurlanmasından söhbət açılırdı. Bildirilirdi ki, Fəridin atası oğlunu 350 min dollar müqabilində azad etdirə bilib. Yayılan son məlumatlara görə, Ukraynada imkanlı azərbaycanlıların özləri, övladları və ya yaxınları oğurlanır və azad olunması müqabilində külli miqdarda pul tələb olunur.
Bu əməliyyatların hamısı isə bir dəstə tərəfindən reallaşdırılır. Bir müddət əvvəl Ukraynanın paytaxtında olan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Azadlıq”a həmyerlilərimizin oğurlanması ilə bağlı maraqlı fikirlər söyləyib.
Deyib ki, Ukraynada yaşayan azərbaycanlıların oğurlanması ilə bağlı informasiyalar həqiqətdir və orda yaşayan soydaşlarımızın narahatlığı ciddi xarakter alıb: “Əsas hədəf imkanlı ailələrin övladları və Ukraynada fəaliyyət göstərən iş adamlarıdır. Bu yaxınlarda Kiyevdə olduğum zaman həmsöhbətlərimin azərbaycanlıların oğurlanması ilə bağlı dediklərinə o qədər əhəmiyyət verməsəm də, mətbuatda gedən məqalələrdən sonra məsələ ilə yenidən maraqlandım və əlavə məlumatlar əldə etdim. Artıq 24 nəfər azərbaycanlı oğurlanıb girov saxlanıb, pul müqabilində azad olunublar. Hazırda iki nəfər – Brovarı şəhərində ”Bakinski dvor\” kafesinin sahibi – İlqar adlı şəxs və bir tələbə girovluqdadır\”.
Təhlükəsizlik eksperti həmyerlilərimizin oğurlanmasının Ukraynada daxili işlər nazirinin dəyişdirilməsindən sonrakı dövrə təsadüf etməsinə diqqət çəkib: “Məsələ burasındadır ki, bu cinayətlər Ukraynada daxili işlər naziri Avakov təyin olunandan sonra başlayıb və qarşısı da alınmır. Adam oğruları Rusiyadan gəlir, hədəflərini ələ keçirdikdən sonra Kiyev ətrafında gizlədir, Rusiyadan oğurlanan şəxslərin yaxınlarına döyülmüş, üz-gözü qanlı videolarını, fotolarını göndərir, pulu isə əsasən Bakıda alırlar. Olur ki, Rusiyada, nadir hallarda Ukraynada da alırlar. Bu işin başında Bakıdan olan avtoritet dayanır”.
İ.İsmayılın sözlərinə görə, hədəfin seçilməsi, yönləndirilməsi xəbərini dəstənin Ukraynadakı adamları verir. Növbəti addım dəstə üzvlərinin Rusiyadan gəlib oğurluğu həyata keçirməsi olur. “Ov” Ukrayna ərazisindən çıxarılmır. Daha sonra danışıqlar, alver gedir. Adətən cinayətkarlar 2 milyon ABŞ dollarının verilməsi tələbini irəli sürür, sonra enmələr də müzakirə edilir. Oğurlanmış insanların sahiblərinə dəhşətli hədə-qorxu gəlinir ki, hüquq-mühafizə orqanlarına xəbər verildiyi yhalda girov mütləq öldürüləcək.
Elə bu hədə-qorxunun nəticəsidir ki, hələ indiyədək heç kəs polisə müraciət etməyib: “Məsələ o qədər ciddidir ki, bu işə hər iki dövlətin başçıları diqqət ayırmalı, hər üç dövlətin hüquq-mühafizə orqanları qarşısında cinayətkarların zərəsizləşdirilməsi tələbi qoyulmalı və nəzarətə götürülməlidir. Məsələ ilə bağlı informasiya mənbələrinə sualla müraciət edəndə ki, nədən Rusiyadan gələn cinayətkar dəstə oğurluğu Rusiyanın özündə yaşayan azərbaycanlılar arasından yox, məhz Ukraynada həyata keçirir, cavab çox ilginc oldu. Rusiyadakı kriminal avtoritetlər iki il əvvəl Yekaterinburq ”sxodkasında\” adam oğurluğunu “zapadlo” sayıb və Rusiya ərazisində adam oğurluğunu qadağan ediblər.
İkinci faktor isə Ukrayna daxili işlər naziri Avakovdur. Avakov bu cinayətlər barəsində məlumatı olduğunu, amma bunu guya “azərbaycanlıların daxili razborkası” kimi qəbul edib qarışmamağı tapşırıb. Sonuncu faktın həqiqət dərəcəsini şübhə altına almaq lazım olsa da, Avakovun Azərbaycana, azərbaycanlılara nifrəti şübhə doğurmur\”. (politika.az)
İnterpress.az