Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın Admiral.az-a verdiyi məlumata görə, paytaxtda gün ərzində 800 min avtomobil olur. Onun sözlərinə görə, bu da Bakıda tıxacın yaranmasına səbəb olur:
\”Tıxacların böyük hissəsi paytaxta daxil olan yollardan başlayır. Günün pik vaxtlarında şəhər yolları şəxsi minik avtomobilləri ilə tam yükləndiyi üçün ictimai nəqliyyatı idarə edən sürücülərin, eləcə də nəqliyyatdan istifadə edən sərnişinlərin əsəbləri tarıma çəkilir. Vəziyyət o həddə çatır ki, sürücülər 5 dəqiqəlik yolu 30 dəqiqəyə getməli olurlar\”.
Qurum rəsmisi deyir ki, şəhərdə tıxacın aradan qaldırılması üçün müəyyən təkliflər irəli sürülüb:
\”Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işə təhkim olunur. Bu qanuna müvafiq şəkildə Bakı Nəqliyyat Agentliyi Bakıdakı tıxacların qarşısını almaq üçün Agentliyin aparatı və strukturuna daxil olmayan tabeliyindəki qurumların (NİİM) əməkdaşları üçün iş vaxtı rejiminin dəyişdirilməsi haqqında qərar verib\”.
Nuridə Allahyarova deyir ki, iş rejiminin dəyişdirilməsi nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi daşıyır:
\”Bakı Nəqliyyat Agentliyinin Əsasnaməsində də vurğulandığı kimi qurum yollarda tıxac yaranması səbəblərini araşdırmaq, təhlillər aparmaq və müvafiq təkliflər verməyə hüququ çatır. Qurumun yollarda tıxac yaranmaması və nəqliyyat axınının tənzimlənməsi üçün ticarət, iaşə, sənaye, tikinti obyektlərinə və həmin obyektlərdən yükdaşımaların iş vaxtı rejiminə dair təkliflər hazırlamaq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək səlahiyyyətinə malikdir. İş rejiminin dəyişdirilməsi ilkin qaydada qurumun aparatında çalışan əməkdaşlara tətbiq ediləcək\”.
Nuridə Allahyarova deyir ki, artıq Bakı Nəqliyyat Agentliyi tərəfindən digər qurumlara da növbəli iş rejiminin təşkili ilə bağlı tövsiyyə xarakterli müraciətlər hazırlanır:
\”Dəyişikliyə müvafiq olaraq işçilərin 20 faizi saat 8:00-dan saat 17:00-dək və 9:00-dan saat 18:00-dək növbəli rejimdə əməyə cəlb olunacaqlar. Bu metod tıxacla mübarizədə ən azı infrastruktrunun inkişafi qədər təsirli olacaq. Bu zaman artıq şəhərdə işçilərin nəqliyyat hərəkəti zamanlar üzrə paylaşdırılacaq və bu da yollardakı sıxlığın aradan qaldırılmasına ciddi yardım göstərəcək\”. (admiral)
İnterpress.az