“İşxanadzor(Qubadlının məşhur Xanlıq kəndi-S.L.) kəndi yaxınlığında İranla sərhəddə Azərbaycandan olan qaçqınlar üçün 100 min nəfərə yaxın əhalisi olacaq Baqaran şəhəri tikilməsi planlaşdırılırdı. Bir çox qaçqınlar oraya köçməyə hazırdırlar. Ancaq Ermənistanın siyasi elitası hələ də azad olunmuş Qarabağ ərazilərində qaçqınlar üçün şəhər salınması ideyasına dəstək verməyib…”
Erməni mediasına istinadla xəbər verir ki, bu sözləri ötən bazar ertəsi jurnalistlərə müsahibəsində “Azərbaycan SSR-dən Qaçqınlar Assambleyası”nın koordinatoru Mariam Avakyan deyib.
Layihənin maliyyələşməsinə gəldikdə, Avakyanın sözlərinə görə, buna vəsait tapmaq mümkündür. “…“British Petroleum”-un erməni qaçqınları qarşısında götürdüyü öhdəliyə görə bizə 20 mlrd. dram borcu var. Ermənistandan kənarda uğurlar qazanmış qaçqınlar da kömək etməyə hazırdır. Özü də tikinti üçün tələb olunan vəsait o qədər də çox deyil. Təxminən İrəvanın Şimal prospektinin salınması uriüçün xərclənmiş məbləğdə vəsait lazımdır. Biz dəfələrlə həm Ermənistan, həm Qarabağ rəhbərliyinə müraciət etmişik. Ancaq nəticə yoxdur…”
Görünür, Ermənistan və qondarma “DQR” rəhbərləri istər iqtisadi, istərsə də hərbi-siyasi gerçəkliyi yaxşı anladıqlarından bu avantürist ideyaya qol qoymayıblar.
Xatırladaq ki, Qarabağda qaçqın şəhəri salmaq ideyası hələ 2011-ci ildə səslənmişdi. O zaman hansısa qruplar, görünür, külli miqdarda maliyyə yeyintisi arzusuyla bu layihənin həyata keçməsinə ciddi cəhd göstərmişdilər.
Həmin vaxt İrəvanda Azərbaycandan olan erməni qaçqınlarının üçüncü qurultayı zamanı “Baqaran” adlanacaq yeni şəhərin layihəsi də təqdim olunmuşdu
İdeya müəlliflərinə görə, bu şəhərdə Azərbaycandan olan erməni qaçqınlar Xanlıq kəndi yaxınlığında Həkəri çayının sahillərində 20 min kvadratkilometr ərazidə kompakt şəkildə məskunlaşdırılmalıydı. İddialara görə, artıq şəhərin tikintisi üçün 350-yə yaxın erməni iş adamı maliyyə ayırmağa da hazır olub. Lakin o zaman da siyasi rəhbərlik və bir sıra qaçqın ermənilər də buna etiraz etmiş, heç kəsin “mərkəzdən uzaq” ərazidə, işsiz-gücsüz yaşamağa razı olmayacaqlarını bildirmişdilər. Bunun əvəzində bəziləri qaçqın şəhərini Xankəndi və ya Şuşa yaxınlığında salmağı təklif etmişdilər.
Qeyd etdiyimiz kimi, Ermənistanın indiki iqtisadi durumunda 100 minlik şəhər salmaq iddiası fantastik görünür. Lakin bütün hallarda İrəvanda belə bir iddianın səsləndirilməsi, özü də yüksək səviyyəli Qarabağ danışıqları gedən bir gündə ortaya atılması erməni həyasızlığının, avantürizminin növbəti nümunəsidir.
Onu da qeyd edək ki, Qubadlı rayonunun adıçəkilən ərazisi münbit torpağı, sabit iqlimi ilə seçilir. Xanlıq kəndi həm də Azərbaycan üçün tarixi baxımdan əhəmiyyətlidir. Belə ki, “Xanlıq” vaxtilə kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Cavanşirın oğlu Mehrəli bəy Cavanşirin malikanəsinin adı olub. Sonralar mülkün ətrafında salınan kənd də mülkün adına uyğun “Xanlıq” adlandırılıb.
Ermənilərin 1993-cü il avqustunda xarabalığa döndərdikləri və hazırda “İşxanadzor” adlandırılan Xanlıq kəndində 2014-cü ilin məlumatına görə, 200 erməni yaşayır. Burada Suriyadan qaçmış 37 erməni ailəsi üçün evlər tikilməsi və artıq 13 ailəyə mənzil paylanması haqda da məlumatlar verilib.
3-cü onillikdir ki, istər işğal altındakə şəhər və kəndlərimizin məskunlaşdırılması, istərsə də yeni şəhər salınması barədə qulağımızı yağır edən düşmən informasiyalarına son qoymağın tək bir yolu var: xalqımızın, dövlətimizin, ordumuzun gücü ilə torpaqlarımzı işğaldan azad etmək. (moderator).
İnterpress.az