Azərbaycandan qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1941-ci il təvəllüdlü, Bakı şəhər sakini Məlakət Abdulla qızı Kərimovanın Azərbaycan vətəndaşları olan qadınları Türkiyənin İstanbul və Iğdır şəhərlərinə aparıb orada satması faktı müəyyən edilib.
75 yaşlı həmin qadın bunun üçün bir qrup şəxslə cinayət əlaqəsinə də girib. Faktla bağlı araşdırma davam etdirilir.
Bənzər hadisə ötən gün də baş verib. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1969-cu il təvəllüdlü, Quba şəhər sakini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə maddəsi ilə məhkumluğu olan Qurbanova Elvira Şamil qızının azərbaycanlı qadınları Türkiyənin İstanbul şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib. (ans)
İnterpress.az