Analizlər göstərib ki, mütəmadi olaraq dezodorantdan istifadə edən qadınlarda süd vəzisinin xarici toxumalarında alüminium toplanır.
Azadinform Rusiya mətbuatına istinadən xəbər verir ki, tədqiqatda süd vəzisi xərçəngi səbəbindən mastektomiyaya məruz qalmış, yəni bu vəzinin kəsilməsi əməliyyatı olunmuş qadınlar iştirak ediblər. Adətən alüminium insan bədənində toplanıb qalmır. Alimlər hesab edirlər ki, bu tədqiqat zamanı qadınların süd vəzisində aşkar edilmiş bu metal buraya dezodorantla düşüb.
Dezodorantların və antiperspirantların əksəriyyətinin tərkibində alüminium duzları var, çünki bu metal tər vəzilərinin ifrazı ilə mübarizədə effektivdir. Kil universitetinin bu tədqiqatı aparan əməkdaşı doktor Kris Eksli bundan əvvəl gündən müdafiə vasitələrinin tərkibindəki alüminium duzlarının təhlükəsi haqqında da məsələ qaldırmışdı. O zaman tədqiqatçı müəyyən etmişdi ki, belə kremlərdən istifadə xərçəng şişlərinin və Altsheymer xəstəliyinin inkişafında öz mənfi rolunu oynaya bilər.
Yeni tədqiqatın gedişində alim əməliyyat olunmuş 17 qadının süd vəzisi toxumalarında aşkar edilmiş alüminiumun miqdarını ölçib və müəyyən edib ki, xərçəng şişi aşkar edilmiş toxumalarda bu metalın səviyyəsi sağlam toxumalara nisbətən qat-qat çoxdur. Bununla əlaqədar Eksli belə bir bəyanatla çıxış edib: Biz alüminiumun konsentrasiyasının kəskin fərqlənməsini aşkar etdik. Bəzi pasiyentlərdə konsentrasiya az, digərlərində isə həddən artıq çox idi. Biz müəyyən etdik ki, metalın ən çox olduğu toxumalar qoltuq altına yaxın yerləşənlərdir. Biz qəti şəkildə deyə bilmərik ki, alüminium bu toxumalara məhz dezodorant vasitəsilə düşüb, lakin mənə belə gəlir ki, bu aşkardır. Planlaşdırdığımız növbəti tədqiqatla alüminiumun orqanizmə düşmə səbəbini və mənbəyini müəyyənləşdirməyə çalışacağıq\”.
Doktor Eksli qeyd edir ki, heyvanlar üzərində aparılan təcrübələr alüminiumun həqiqətən də xərçəngə səbəb olduğunu müəyyənləşdirib.(azadinform)
İnterpress.az