Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində ShushaPost.az saytının təqdimatının keçirilməsi nəzərdə tutulub.
“Şuşaya doğru – ShushaPost.az” layihəsinin növbəti təqdimatı Bakıda Azərbaycan Xalça Muzeyində keçirildi. Rəsmi və bədii hissələrdən ibarət tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Millət vəkili Elşən Musayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri, Gənclər Fondunun müşahidə şurasının üzvü Nurəddin Mehdiyev, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə şurasının sədri, siyasi elmlər doktoru Elçin Əhmədov, “İrəli” İB-nin sədri Mirhəsən Seyidov, AGAT-ın sədri Nərgiz Xələf, Gənclər Üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, QHT və Media rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov açaraq layihənin məqsədindən danışdı: “Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) bu illər ərzində həyata keçirdiyi layihələrin böyük əksəriyyəti ölkəmizin dünyada təbliğinə həsr olunub. Bizim komanda eyni zamanda Azərbaycan həqiqətlərinin dünya gənclərinə çatdırılmasınada, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən informasiya savaşında fəal iştirak edərək düşmənə layiqli cavab verməkdədir. Bugün təqdimatını keçirdiyimiz ShushaPost.az saytı da gördüyümüz işlərin məntiqi ardıcıllığıdır. Mən fürsətdən istifadə edib layihə təklifini dəstəkləyən Gənclər Fonduna xüsusi təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu layihə 3 aydan sonra da uzun müddət ərzində öz fəaliyyətini davam etdirəcəkdir. Prezident İlham əliyev demək olar ki, bütün görüşlərində, çıxışlarında gənclərin virtual müharibədə fəallığının vacibliyini qeyd edib. Biz də çalışırıq ki, bu istiqamətdə fəaliyyətimizi daha sistematik və innovativ edək. Layihənin həm regionlarda, həm də Slavyan ölkələrində təqdimatı da nəzərdə tutulub”
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək gənclərin cəmiyyətimizin fəal üzvləri kimi informasiya müharibəsində də fəal olmalarının vacibliyini qeyd etdi: “Müharibə şəraitində yaşayan və 20 faiz torpağı düşmən tərəfindən işğal olunmuş ölkənin vətəndaşları informasiya müharibəsində çox fəal olmalıdırlar. Dünyada cərəyan edən hadisələr də onu deməyə əsas verir ki, hər bir dövlət hərbi və iqtisadi gücə malik olmaqla yanaşı, informasiya savaşında da öz düşmənlərinə qalib gəlməyi bacarmalıdır. Bu gün mövcud olan informasiya kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi imkan verir ki, hər bir azərbaycanlı ölkəmiz barədə səmərəli təbliğat aparsın.
Gənclər cəmiyyətimizin fəal üzvləri kimi informasiya müharibəsində də əsas rol oynamalıdırlar. Gənclər informasiya məkanında üstünlük təşkil etdikləri üçün onların üzərinə böyük məsuliyyət düşür. Gənclərimizin bugünkü fəallığı bizi qane etsə də, bununla kifayətlənməməliyik. Bu gün dövlət tərəfindən gənclərimizin təşəbbüslərini gerçəkləşdirmək üçün kifayət qədər imkanlar yaradılıbdır. Gənclər bu imkanlardan maksimum dərəcədə səmərəli istifadə etməlidirlər. Onlar Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərini əsirgəməməlidirlər”
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək təmsil etdiyi qurumun dəstəyi ilə bu istiqamətdə onlarla layihənin həyata keçirildiyini dedi: “Gənclər Fondu üçün Dağlıq Qarabağ mövzusu hər zaman prioritetdir. Biz nəinki gənclər təşkilatlarını, habelə ayrı-ayrı fiziki şəxlərin təşəbüslərini belə dəstəkləyirik. Hesab edirəm ki, bugünkü reallıqda bu kimi layihələrin həyata keçirilməsi olduqca zəruridir”
Millət vəkili Elşən Musayev isə çıxışında Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri işıqlandıracaq ixtisaslaşmış saytın açılmasını mühüm addım kimi dəyərləndirdi: “Bugün çox təəssüf ki, ermənilər hər sahədə oğurluqla məşğul olduqları kimi domen işində də eyni addımı atmaqdadırlar. Gənclər və Gənclər təşkilatları bu istiqamətdə ciddi şəkildə düşünməlidirlər. Hesab edirəm bu kimi layihələr nə qədər çox olsa bir o qədər də gücümüz artmış olar. Ümid edirəm ki, biz bu layihə başa çatmamış Şuşanı işğaldan azad edəcəyik”
Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev çıxış edərək ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən danışdı: “Azəbaycanda gənclərin hərtərəfli inkişafı üçün kifayət qədər münbit şərait var. Bugün Gənclər və İdman Nazirliyi də gənclərin innovativ biliklərinin artırılması istiqamətində mühüm layihələr həyata keçirir. Hesab edirəm biz innovativ gənclərimizi Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən virtual müharibəyə cəlb edərək düşməni yerində oturtmalıyıq”
Sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri, Gənclər Fondunun müşahidə şurasının üzvü Nurəddin Mehdiyev çxış edərək bu saytın bir neçə dildə fəaliyyətinin zəruriliyini vurğuladı: “Biz neçə illərdir bu istiqamətdə müxtəlif layihələr həyata keçiririk. Hesab edirəm ShushaPost.az saytı qısa zaman kəsiyində ciddi uğurlara imza ataraq həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmağa müvəffıq olacaq”
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə şurasının sədri, siyasi elmlər doktoru Elçin Əhmədov çıxış edərək Şuşanın, bütövlükdə torpaqlarımızn 20 faizinin işğalı zamanı ölkəmizə dəyər maddi-mənəvi ziyandan danışdı: “Bugün ermənilər Şuşadakı tarixi abidələrin üzərində olan orjinal lövhələri sökərək əvəzinə erməni dilində müxtəlif adlar yazıblar. Hesab edirəm biz düşməni bütün istiqamətlərdə əzdiyimiz kimi virtual müharibədə də bunu uğurla etməliyik”
Daha sonra “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək virtua müharibədə gənclərin fəallığının strateji əhəmiyyətə maıik olduğunu dedi: “Biz düşmənə hər sahədə durmadan zərbələr endiririk. Artıq virtual savaşda da ciddi üstünlüyümüz müşahidə edilməkdədir. Bu mənada əminəm ki, ShushaPost.az saytı da gənclərimizin informasiya poliqonuna çevriləcəkdir. ”
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının sədri Nərgiz Xələf çıxışında informasiya savaşında sosial medianın xüsusi çəkisi olduğunu dedi: “Bugün düşmən həm facebook, həm də twitter üzərindən informasiya savaşı cəbhəsi açmaqdadır. Lakin son bir neçə ildə gənclərimizin bu sahədə aktivliyinin artması olduqca təqdirəlayiqdir və əhəmiyyətlidir. Belə bir məqamda sırf Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdıra biləcək xəbər resurs mərkəzinin açılması hər birimiz üçün vacibdir”
Sonra Gənclər Üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə çıxış edərək Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını yubiley münasibəti ilə təbrik etdi: “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bu illər ərzində müxtəlif layihələr həyata keçirib. Sevindirici haldır ki, bu layihələrin böyük bir qismi ölkəmizin dünyadakı imicinin daha da möhkəmlənməsinə xidmət edib. Mən əminəm ki, Ali Baş Komandanın apardığı uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq layihədə də deyildiyi kimi tezliklə ŞUŞAYA DOĞRU gedəcəyik. Arzu edirəm bu xəbər də ilk dəfə məhz ShushaPost.az saytında dərc edilsin”.
Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirdiyi “Şuşaya doğru – ShushaPost.az”layihəsi çərçivəsində ölkəmizdə qarşı aparılan informasiya müharibəsində və Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini virtual dünyada fəal müdafiə etdiyinə görə bir qrup fəal gənci təltif edib. Belə ki, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Aqşin Hümmətov, AzXeber.com saytının baş direktoru Əfsələddin Ağalarov, “Xalq” qəzetinin əməkdaşı Əfsanə Ələsgərli, ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev, Ölkə.Az saytının məsul redaktoru Qafqaz Ömərov, Türkel Tv-nin baş redaktor müavini Allahverdi Şəfiyev, AzVision.az saytının əməkdaşı Elvin Abdulqədirov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının idarə Heyətinin sədri Lalə Mehdiyeva, Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulov və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə ASGA-nın fəxri diplomu ilə təltif ediliblər.
Rəsmi hissə başa çatdıqdan sonra tədbirin bədii hissəsinə start verilib. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Muğam Müsabiqəsinin qalibi Sədəf Budaqova “Şahnaz” təsnifi ilə tədbir iştirakçılarını feyziyab edib.
İnterpress.az