İnterpress.az-a Diasporlarla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi Hitlerin əlaltılarından olmuş, İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasının hərbi rəhbərləri ilə əməkdaşlıq etmiş “general Njde” kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında abidə ucaldılması ilə bağlı etiraz bəyanatı yayıb. Avropa Parlamentinə və Almaniya Budestaqına ünvalanan müraciətdə qondarma faktlara əsaslanan abidənin demontaj edilməsi üçün Ermənistan dövlətinə və rəsmilərinə beynəlxalq təzyiqin göstərilməsinin zəruriliyi bildirilir. Avropa Azərbaycanlıları Konqresi Avropa ictimaiyyətini faşizm və ekstremizmin təzahürünə və ideallaşdırılmasına göz yummamağa çağırır.
Müraciətdə vurğulanır ki, Ermənistanın bu «milli qəhrəmanı» Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına «uyğun gəlməyən» digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyır. “Erməni legionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur. Qaregin Njde Azərbaycanın Naxçıvan və Zəngəzurda bölgəsində saysız-hesabsız cinayətlər törətmiş Ermənistanın “milli lideri” hesab edilir” – deyə müraciətdə bildirilir.
Avropa ictimaiyyətinə ünvanlanan müraciətdə xatırladılır ki, müharibənin sonunda Qaregin Njde hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilərək Moskvaya göndərilib, 1946-cı ildə Lyubankadan Yerevan həbsxanasına keçirilib.
Avropa Azərbaycanlıları Konqresi hesab edir ki, məhz bu səbəblərə görə, Ermənistanda nasizmin təzahürü və yenidən bərpa olunma cəhdləri dayandırılmalıdır
Interpress.az