Məlumat verilir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçən prosesdə Mehmet Sünmezin apellyasiya şikayəti üzrə qərar elan edilib.
Məhkəmədə qeyd olunub ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi Mehmet Sünmezin Türkiyəyə ekstradisiya olunması barədə məsələyə baxıb. Məhkəmə Mehmet Sünmezin Türkiyə Respublikasına verilməsi barədə qərar qəbul edib.
Amma Mehmet Sünmez Türkiyəyə verilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin qərarının ləğvini, Azərbaycanda yaşamasını qanuniləşdirən qərar qəbul edilməsini istəyib.
Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar açıqlayıb. Türkiyə vətəndaşının apellyasiya şikayəti təmin olunmayıb.
Məhkəmə yekun qərar qəbul etdiyi üçün Mehmet Sünmez bu günlərdə Türkiyə hüquq-mühafizə orqanlarına təhvil veriləcək.
2004-cü il noyabrın 24-də Türkiyənin Turqutlu – Manisa avtomobil yolunun 5-ci kilometrliyində, su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb. Meyit tamamilə çürüməyə məruz qalıb. Aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyənləşib.
Hadisədən sonra Meltem Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qismində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb.
2015-ci ildə həmin qərar yenilənib və Yılmaz Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində Yılmaz Akbabanın 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sünmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il martın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. (musavat)
İnterpress.az