Bu barədə APA-ya həkim-cərrah Valeh Kərimov özü məlumat verib. O qeyd edib ki, bu gün Yasamal Rayon Prokurorluğuna dəvət edilərək ifadəsi alınıb: “İstintaqa hər şeyi olduğu kimi dedim. Bu iş hər bir həkimin başına gələ bilər. Əvvəlcədən nə isə demək istəmirəm. Məsələni hüquq-mühafizə orqanları araşdırır. Araşdırmanın nəticəsini də biləcəksiniz”.
Qeyd edək ki, hadisə ilə bağlı Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Araşdırma zamanı toplanmış materialda T. Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə, yoxlamalar aparılır.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
İnterpress.az