Bu gün Ağcabədi rayonunun Muğanlı kəndindən Ergi düzünə gedən yolun yaxınlığında, Qarqar çayının yatağında aşkarlanan tank mərmisi ANAMA-nın əməkdaşları tərəfindən məhv edilib.
Məlumata görə, 125 mm-lik tank mərmisi 1-ci Qarabağ müharibəsindən ərazidə qalan partlamamış hərbi sursatlara aiddir. Ərazidə təsərrüfatla məşğul olan kənd sakinləri mərmini çayın içərisində görərək aidiyyatı qurumlara xəbər verib. Daşınması təhlükəli olduğundan ərazidə təhlükəsizlik tədbirləri görüldükdən sonra mərmi partladılaraq yerindəcə məhv edilib.
İyunun əvvəlində Ermənistan silahlı qüvvələri təmas xəttində fermerlərin və kənd sakinlərinin istifadə etdiyi, mənbəyini işğal altında olan ərazilərdən götürən Qarqar çayı vasitəsilə minaları cəbhəyanı kəndlərə axıtmağa başlayıb.
Axıdılan minalardan biri tank əleyhinə olan minadır ki, Qarqar çayı vasitəsilə Ağcabədinin yuxarı Qiyaməddinli kəndinə qədər gəlib çıxıb. Bu da orada yaşayan insanlar üçün təhlükə yaradıb.
Mina ANAMA əməkdaşları tərəfindən partladılıb. Çay vasitəsilə ötürülən minalar cəbhəyanı ərazilərdə yaşayan insanların həyatı üçün çox ciddi təhlükə mənbəyidir. (ans)
İnterpress.az