Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Əsgərova hökm oxunub. Prokuror Vəli Əsgərovun onun nazir işlədiyi illərin və ayların sayı qədər – 14 il 3 ay azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə isə onu vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz dinləmədə təqsirli bilərək, 14 il həbs cəzasına məhkum edib. Sabiq nazirin vəkili Vüqar Xasayev hökmü “ədalətsiz, qanunsuz və insafsız” adlandırıb. Əlavə edib ki, hökmdən şikayət veriləcək.
V.Əsgərov nazir postunu tutduğu illərdə adı ictimai fəallara, müxalifətçilərə, başqa cür düşünən, hakimiyyətin mövqeyini bölüşməyən sıravi vətəndaşlara, jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı ağlasığmaz təqib, təzyiq və şantaj olaylarında da hallanıb. Belələrindən biri də Naxçıvanda faliyyət göstərmiş jurnalist və fəal Həkimeldostu Mehdiyevdir. H.Mehdiyev mətbuata açıqlamalarında deyib ki, V.Əsgərov ona və qardaşlarına böyük ziyan vurub. Nazir olduğu dövrdə Məzahir adlı şöbə rəisinin rəhbərliyi ilə dörd qabırğası sındırılıb, özünü isə cəzaçəkmə müəssisəsinə göndəriblər.
“Naxçıvanda bəlkə də Vəli Əsgərov kimi qəddar adam olmayıb. Mənim imkanım olsaydı, onu ayağından asardım. Bu adam nazir olanda həbs olunanlara şəxsən özü işgəncə verir, təhqir edirdi. Bu adam Naxçıvanda müxalif fikirli insanların yaşamasına imkan vermədi. Bu səbəbdən hüquq müdafiəçiləri, ictimai fəallar Naxçıvanı tərk etdilər. O, Zeynalabdin Bağırzadəni, Nazim Mahmudovu şərləyərək həbs etdirdi”, – deyə H.Mehdiyev bildirib.
H.Mehdiyev deyib ki, V.Əsgərov nazir işlədiyi dövrdə bir neçə ailənin dağılmasına da bais olub.
V.Əsgərov hüquq müdafiəçiləri və jurnalistlərə divan tutan bir şəxs kimi də tanınır. 2014-cü ildə hüquq müdafiəçisi İlqar Nəsibovun ölümcül döyülməsində də onun rəhbərlik etdiyi orqanın əməyi var idi.
Maraqlıdır, V.Əsgərov vaxtilə əzdiklərinin, hüquqlarını tapdaladıqlarının durumuna salındıqdan sonra hüquq müdafiəçiləri onu müdafiə etməlidirlərmi?
Vəkili Vüqar Xasayevin V.Əsgərova işgəncə verilməsi, hüquqlarının pozulması haqda mətbuatda çıxışlarına rəğmən hüquq müdafiəçiləri onun məhkəməsinə qatılmadılar. Bu, hüquq müdafiə prinsiplərinə zidd addım deyil ki?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, V.Əsgərov haqda bir vətəndaş olaraq mövqeyi budur ki, onun kimilər ictimai fəal insanlara, müxalifətçilərə qarşı amansızlıqlar ediblər. İndi isə etdiklərinin cəzalarını çəkirlər: “Haqsızlığın, ədalətsizliyin, insan ləyaqətini alçaldan rəftarın nə olduğunu özlərinə münasibətdə görsünlər. Hüquq müdafiəçisi kimi isə deyirəm ki, qanunlar kimliyindən asılı olamayaraq heç kimə münasibətdə pozulmamalıdır”.
N.Cəfəroğlu V.Əsgərovun məhkəməsinə hüquq müdafiəçilərinin qatılmamasının da onun nazir olduğu dövrdə atdığı addımlardan qaynaqlandığına diqqət çəkdi: “Vəli Əsgərovla Naxçıvan rəhbərliyinin münasibətləri nə qədər korlansa da, hətta düşmən olsalar belə, o qədər normal, şəffaf məhkəmə olmalıdır ki, o, özünü müdafiə edə bilsin. Bu gün bütövlükdə sistemin özü o qədər xarabdır ki, normal məhkəmədən söhbət gedə bilməz. Onun işi üzrə məhkəməni hansısa sirlərə əsaslanıb bütövlükdə qapalı etdilər, bilinmədi. Bu düzgün deyildi. Hissəvi, sirr bildikləri epizodlar üzrə qapalı keçirə bilərdilər. Amma məsələnin bu tərəfi də var ki, Vəli Əsgərovun özü də məhkəmələrin qapalı keçirilməsini göstəriş verənlərin yanında olaraq haqlı insanları illərlə əzib, döyüb, hətta öldürüb. Turac Zeynalovun işi kiminsə yadından çıxıb? Əgər adamın günahı var idisə, sübuta yetirib onu qanunla mühakimə etmək olmazdımı? Vacib idimi ki, bir ailə başçısını o duruma salıb, meyitinə belə işgəncə verilsin? Vəli Əsgərov, onun kimi öz xalqına, millətinə qarşı qəddarlıqlar etmiş, etməkdə olan şəxslər düşünməlidirlər: bir gün mən döydüyümün, əzdiyimin, məhkəməsinin qapalı keçirilməsinə nail olduğum şəxsin yerində olsam, nə olar?”
Hüquq müdafiəçisi sabiq nazirin törətdiklərinin qarşılığında onu müdafiə etməyəcəyini bildirib: “Bu adamlar günahsız insanlara, elementar haqlarını tələb edənlərə o qədər əzab-əziyyət veriblər ki! Bu gün hüquq müdafiəçilərinin Vəli Əsgərovu müdafiə etməməsinin kökündə bu məsələ dayanır. Nə idi Turac Zeynalovun günahı? Və ya biz Naxçıvana gedən hüquq müdafəçiləri – Səadət Bənəniyarlını, Sədaqət Paşayevanı və məni Vəli Əsgərovun işçiləri ölümünə döydülər. Bizi Naxçıvan MTN-ə aparmaq istəyirdilər. Əgər təyyarənin kapitanı bizi onların əlindən almasaydı, onlara bizi Naxçıvan MTN-ə aparmağa imkan versəydi, bizim başımıza təyyarədə açdıqları İmam Hüseyn müsibətini davam etdirəcəkdilər, bəlkə də bu gün sizinlə danışmayacaqdım”.
“Sizin vətəndaş mövqeyiniz hüquq müdafiə prinsipləri ilə ziddiyyət təşkil etmir ki” sualına N.Cəfəroğlu belə cavab verdi: “Hüquq müdafiəçisi kimi əlbəttə ki, zidd mövqedir. Ona qarşı qanunsuzluqlara yol verilibsə, müdafiə etmək lazımdır. Buna baxmayaraq, mən özüm Vəli Əsgərovun işgəncələrinə məruz qalmışam, buna görə də onu müdafiə etməyəcəyəm”.
N.Cəfəroğlu bildirdi ki, V.Əsgərovun ailəsi, yaxınları müraciət edəcəkləri təqdirdə, digər hüquq müdafiəçilərinin onun müdafəsinə qoşulmasına yardımçı olacaq. (musavat)
İnterpress.az