Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivala Yaponiya, İran, Türkiyə və digər türkdilli ölkələrdən gəlmiş musiqi və rəqs kollektivləri, sənətçilər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri qatılıb.
Açılış mərasimində Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə artıq 7-ci dəfədir, keçirilən Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını vurğulayıb.
Mərasimdə çıxış edən TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov Şəkidə ənənəvi olaraq keçirilən festivalda iştirak etməyin bu təşkilat üçün çox önəmli olduğunu bildirib. Builki festivalın açılışı kimi fəxri missiyanın TÜRKSOY-a həvalə olunduğunu diqqətə çatdıran qurumun rəhbəri 11 türkdilli ölkənin musiqiçilərini özündə cəmləşdirən xalq çalğı alətləri orkestrinin çıxışının Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının tarixində dərin iz buraxacağını vurğulayıb.
Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov festivalın əlamətdar bir dövrə təsadüf etdiyini vurğulayıb. Qeyd olunub ki, ötən il Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Sonra TÜRKSOY-un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestri və türkdilli ölkələrin solistləri geniş konsert proqramı ilə çıxış edib. Orkestrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Qaqauz (Moldova), Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikaları və Monqolustan kimi ölkələrdən peşəkar musiqiçilər, müğənnilər və rəqqaslar yer alıb.
Festival iyulun 1-də başa çatacaq.
İnterpress.az