Brüssel sammitindən sonra Avropa Birliyi liderləri Britaniya hökumətinə vahid bazardan yararlanmaq üçün insanların Avropadaxili hərəkət azadlığına hörmətlə yanaşmalı olduğunu bildirib. Məlumata görə, son 40 ildə ilk dəfə olaraq Avropa Birliyi sammiti Britaniyanın iştirakı olmadan keçirilib.
Fransa və Almaniya liderləri vətəndaşların Avropadaxili hərəkət azadlığının təmin olunmasının qeyd-şərtsiz olduğunu vurğulayıb. Avropa Şurasının prezidenti Donald Tusk Britaniyanın istədiyi seçimi etməsini düzgün saymır. Tusk Breksit məsələsini müzakirə etmək üçün sentyabrın 16-da başqa bir zirvə toplantısının keçiriləcəyini vurğulayıb.
Aİ və Böyük Britaniya bayraqları
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker isə bildirib ki, Britaniya Lissabon sazişinin 50-ci maddəsini tətbiq edib, blokdan çıxmaq niyyəti barədə rəsmi bildiriş göndərməyənə kimi, post-Breksit münasibətləri barədə Britaniya ilə heç bir müzakirələr aparılmayacaq. 50-ci maddəyə görə blok üzvü Avropa Birliyindən ayrılmaq niyyətini rəsmi qaydada bildirir və üzvlüyün ləğv olunması prosesi 2 ilə yaxın davam edir. Avropa Birliyi liderləri bununla belə gələcəkdə Böyük Britaniyanın blokun yaxın tərəfdaşı olmasını istəyir.
İspaniyanın müvəqqəti baş naziri Mariano Raxoy isə Avropa Birliyinin Birləşmiş Krallığa daxil olan digər ölkələrlə danışıqlar aparmasına qarşı çıxdığını bildirib. Raxoya görə, Britaniya Avropa Birliyini tərk etməyə qərar veribsə, Şotlandiyada onun ərazi hissəsi olaraq bloku tərk etməlidir. (ans)
İnterpress.az