Paytaxtın su dərdi əlac tapmır və ya 27 sakin necə cərimələndi…backend

Paytaxtın su dərdi əlac tapmır və ya 27 sakin necə cərimələndi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri deyiblər.

Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilərkən paytaxtın su probleminin kökündən həll ediləcəyi vəd olunurdu. Lakin kəmər Bakının su dərdinə əlac edə bilmədi. Paytaxtda hələ də bir içim suya həsrət qalanlar var. Məsələn, minlərlə əhalisi olan Zığ qəsəbəsinə qışda xətlərin donması, yayda hərarətin yüksəlməsi kimi bəhanələrlə günlərlə su verilmir.

“Bəzən bina evlərində birinci mərtəbəyə su güclə çıxır. Yuxarı mərtəbədə yaşayanlara mühərriklərin alınması təklif edilir. Onsuz da içməli suya görə ödənişlər bahalaşdırılıb. Mühərrik qoyandan sonra elektrik enerjisinə ödəmələr də artacaq”, – deyə qəsəbə sakini Zəminə Babayeva bildirib.

Sakinlər deyirlər ki, hər il yay gəlməmiş bu əziyyət başlanır. Maydan sentyabradək Zığ qəsəbəsi su dərdi ilə alışıb-yanır. “Mağazadan su alıb işlədirik. İsti günlərdə hər gün yuyunmaq lazımdır. Mən hələ digər ehtiyacları sadalamıram”, – deyə etirazçılardan biri Nadir Babaşov söyləyir.

Suraxanı rayon Su Satışı İdarəsində isə deyirlər ki, Zığın su problem bu dəfə onların deyil, “Azəryol” ASC günahından baş verib. “Yol çəkilişi zamanı xətlərdə qəza baş verib. İndi gözləyirik ki. təmir etsinlər. Buna görə də, bir az daha gözləməli olacaqlar”, – idarədən söyləyiblər.

Lakin su verilişinin bərpa olunacağı tarix açıqlanmayıb.

Sakinlər isə deyirlər ki, binaların suyu kəsilsə də, həyət evlərinə su verilir: “Son illər Zığda yüzlərlə fərdi yaşayış evi tikilib. Sənədsiz, kanalizasiya xətti olmadan tikilən evlərə su verilir. Necə olur ki, yalnız bina evləri susuz qalır?”

Nərimanov rayonu, Xətai prospektinə yaşayanlar da şikayətçidirlər. Amma Zığ sakinlərindən fərqli olaraq, onlar suyun verilməsindən deyil, cərimələrdən narazılıq edirlər. Nərimanov rayon su idarəsi ümumi yaşayış həyətlərində olan su kranlarını bağlayıb. Krandan qanunsuz istifadə edildiyi əsas gətirilərək Xətai prospekti, 21-də 27 sakinin hər birinə 30 manat cərimə yazılıb.

Sakinlər deyirlər ki, suya qanunsuz müdaxilə adı ilə bütün sakinlər cərimələnib. Halbuki araşdırılma aparılmayıb, kimlərin sudan qanunsuz istifadə etdiyi müəyynləşdirilməyib: “Məhəllədə uzun illərdir kran var. Yorulanlar, uşaqlar burdan istifadə edirdilər. İndi buna görə 800 manatdan çox cərimə aldılar”.

“Azərsu” ASC-dən isə şikayətlərə cavab verilməyib. (virtualaz.org)

İnterpress.az