“Status-kvo”nun dəyişməsinin vaxtı çatıb, o dayanıqlı deyil”:XİNbackend

“Status-kvo”nun dəyişməsinin vaxtı çatıb, o dayanıqlı deyil”:XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.

Azərbaycanın Almaniyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu deyən nazir qeyd edib ki, Azərbaycanın təqdim etdiyi enerji, nəqliyyat layihələrinə böyük maraq var.

“Azərbaycan Almaniya mədəniyyət abidələrinin bərpası üçün böyük işlər görür. Azərbaycan Aİ-yə strateji tərəfdaşlıq haqqında layihə təqdim edib. Düşünürük ki, danışıqlara başlamaq üçün bu ilin payızında mandat veriləcək. Aİ ilə münasibətlərimiz gündən günə güclənir”, – deyə o vurğulayıb.

E. Məmmədyarov Dağlıq Qarabağ məsələsinə toxunulduğunu da bildirib: “Biz inanırıq ki, məsələ ilə tam ciddi məşğul olmağımız üçün vaxt çatıb. Bu münaqişə həll olunmalıdır. Addım-addım bu məsələni yerindən tərpətməli və irəliləyişə nail olmalıyıq. Azərbaycan bəyan edib ki, münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır. “Status-kvo”nun dəyişməsinin vaxtı çatıb, o dayanıqlı deyil”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

İnterpress.az