Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Məlumata görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank-Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, S.Lavrov gələn həftə İrəvana gedəcək. \”Ondan sonra Bakıya gələcək. Prezidentlə görüşü nəzərdə tutulub\”.
XİN başçısı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti mümkün görüşü barədə də danışıb. Onun sözlrinə görə, Fransa artıq prezidentlərin görüşünün keçirilməsi üçün yer də təklif edib. \”Bizim üçün fərqi yoxdur ki, görüş harada keçiriləcək. Əsas odur ki, nəticə olsun\”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana səfər edəcək. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə gün əvvəl keçirdiyi brifinq zamanı bu barədə məlumat verib. O qeyd etmişdi ki, nazir səfər zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin iclasında iştirak edəcək.
İclasda əsas müzakirə mövzusunun beynəlxalq terrorçuluqla birgə mübarizə olacaq.
Lavrov sonuncu dəfə Ermənistanda aprelin 22-23-ü tarixlərində olub. Həmin vaxt əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsi idi. Mətbuat Lavrovun İrəvana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planla getdiyini yazırdı. Ona görə də bu səfər Ermənistan cəmiyyətində müsbət qarşılanmamışdı. (ans)
İnterpress.az