Yasamal rayonunda avtobusların ehtiyyat hissələrini oğurlayan dəstə zərərsizləşdirilib. Saxlanılan iki nəfər bir-birini ittiham edərək faktdan yayınmağa cəhd edib.
Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları axtarışda olan Çingiz Məmmədov və Samir Kərimovu yaxalayıblar. Aralarında kifayət qədər yaş fərqi olsa da, qrup şəklində fəaliyyət göstərən dostlar gecələr ərazidə olan mikroavtobusların ehtiyat hissələrini xüsusi açarlarla açıb, özləri ilə gələn maşına yükləyərək hadisə yerindən uzaqlaşırmışlar. Qolu qandallanan Samir Kərimov işinin yalnız sürücülükdən ibarət olduğunu deyib.
Müstəntiq Ülvi Abdullayev hər iki şəxsin cinayətinin sübuta yetirildiyini bildirib.
İstintaqla müəyyən edilib ki, cütlük təkcə Yasamal rayonu ərazisində 6 maşının ehtiyat hissəsələrini sökərək oğurlayıb, sonra onu müştərilərə münasib qiymətə satıblar. Çingizin sözlərinə görə, Samirlə maşın təmiri sexində bir yerdə işləyiblər. Tanışlıqları da oradan başlayıb. Samirin ifadəsində özünü törədilən cinayətdə yalnız sürücü kimi təqdim etməsi isə əvvəllər məhkum olunmuş Çingiz Məmmədovu hövsələn çıxarıb.
Dəstənin analoji cinayətlərdə iştirakı istisna olunmur. İstintaq araşdırmaları aparılır. (ans)
İnterpress.az