-Ombudsman son 1 il ərzində jurnalistlərin hüquqlarının qorunması sahəsində hansı işləri görüb?
– “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” 2001-ci il 28 dekabr tarixli Konstitusiya Qanununun 8.1-ci maddəsinə görə, Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
Öz fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında quran Müvəkkil hər kəsin, o cümlədən də jurnalistlərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı müvafiq qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri daxilində bütün imkanlardan istifadə edir.
Jurnalistlərə qarşı kobud rəftar hallarının yolverilməz olduğunu qətiyyətlə bildirən, belə halları pisləyən Müvəkkil fikir, söz və mətbuat azadlığının təmin olunmasını, jurnalistlərin hüquqlarının müdafiəsini daim diqqətdə saxlayıb.
Peşə fəaliyyəti ilə bağlı olmayan cinayət törətməkdə şübhəli bilinmiş və ya təqsirləndirilən şəxs qismində cəlb edilmiş, yaxud da məhkum olunmuş mətbuat nümayəndələrinin vəziyyətini nəzarətdə saxlayan Müvəkkil və onun tapşırığı ilə Milli Preventiv Qrup (MPQ) üzvü olan Aparatın əməkdaşları müntəzəm olaraq ötən il ərzində həmin şəxslərlə görüşüb, vəziyyətləri, saxlanılma şəraiti, qidalanmaları, səhhətləri, onlara qarşı rəftarla bağlı mütəmadi olaraq müvafiq cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının rəhbərləri ilə əlaqə saxlayıb, öz tövsiyələrini verib.
Müvəkkil media hüquqlarının müdafiəsi, hüquq pozuntusuna yol vermiş KİV nümayəndələrinin cəzalandırılması və tənbehi ilə əlaqədar dünya təcrübəsində mövcud olan alternativ üsulların tətbiqi və öz peşəsi ilə bağlı məhkum olmayan jurnalistlərin belə, əfv olunması ilə bağlı ölkə Prezidentinə müraciət edib.
Bir neçə məhkum jurnalist, o cümlədən Pərviz Həşimli, Tofiq Yaqublu, Hilal Məmmədov və digərləri əfv olunaraq azadlığa buraxılıb.
İnsan hüquqları mövzusunda yazan jurnalistlərin hüquqi maarifləndirilməsinə, bu sahədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təşəbbüslərinə Müvəkkil tərəfindən daim diqqətlə yanaşılıb, əməkdaşlıq əlaqələri davam etdirilmiş, təsisatın təşkil etdiyi tədbirlərdə mətbuat nümayəndələri daim təmsil olunublar.
2015-ci ildə Avropa Şurası tərəfindən təşkil edilən “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində jurnalistlərin təhlükəsizliyi və ifadə azadlığı mövzularında təlimlər keçirilib, Aparatın əməkdaşları həmin təlimlərdə ekspert qismində iştirak ediblər.
-Bildiyimiz kimi, Elmira Süleymanova İnsan Hüquqları üzrə Müvəkkil olmaqla yanaşı, həm də Media Ombudsmanının fəaliyyətini həyata keçirməlidir. Amma jurnalistlər Media Ombudsmanının işi ilə bağlı məlumatsızdırlar…
– “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş 2011-ci il 24 iyun tarixli dəyişikliklərə əsasən, Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir (maddə 1.3).
24 iyun 2011-ci il tarixli Konstitusiya Qanunu ilə Müvəkkilə verilmiş əlavə yeni səlahiyyətlərə əsasən, Konstitusiya Qanununda “İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri” adlı 13-1-ci maddəsi əlavə edilib. Həmin maddənin adında göründüyü kimi, yalnız şikayət olduğu hallarda şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanununun tələblərinə riayət edilib-edilmədiyi aydınlaşdırılır.
Həmçinin Müvəkkilin mandatının genişləndirilməsi, ona verilmiş yeni səlahiyyətlərlə əlaqədar olaraq, təsisatda KİV təmsilçiləri, media hüquqları üzrə tanınmış ekspertlər, informasiya sahibləri olan dövlət qurumlarının nümayəndələri, mətbuat xidmətlərinin rəhbərləri ilə Ombudsman Aparatında silsilə məsləhətləşmələr keçirilib və “İnformasiya əldə etmək haqqında” Qanunun müddəalarının icrası təhlil edilərək, onun təkmilləşdirilməsi istqamətində bir sıra təkliflər irəli sürülüb.
Bundan əlavə, Milli Məclisin deputatlarının, müvafiq dövlət qurumlarının təmsilçilərinin və KİV nümayəndələrinin iştirak etdiyi məsləhətləşmədə qarşıya qoyulmuş məqsəd və məram açıqlanıb, Müvəkkilə adı çəkilən qanunda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun xüsusiyyətləri, KİV, dövlət qurumları və QHT-lərlə əməkdaşlıq məsələləri müzakirə olunub.
Belə məsləhətləşmələr davamlı olub. Bu qəbildən növbəti məsləhətləşmə informasiya sahibləri olan dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilib.
İnformasiya sahibləri olan 32 dövlət orqanının mətbuat xidmətləri rəhbərlərinin və digər müvafiq strukturları təmsilçilərinin iştirak etdiyi bu tədbirdə Müvəkkilə verilən yeni səlahiyyətlər, məlumat almaq hüququnun qanunvericilik əsasları, qanunun gerçəkləşdirilməsi prosesində dövlət qurumlarının rolu müzakirə olunub.
Əlaqəli çalışmaq, habelə hər bir dövlət qurumunun adı çəkilən qanuna uyğun olaraq verilmiş hər hansı bir sorğunun mahiyyəti üzrə, vaxtında və tam cavablandırması olduqca zəruridir və bu məqamlar məsləhətləşmələr zamanı diqqətə çatdırılıb.
Təqdirəlayiq haldır ki, tərəfimizdən keçirilmiş bütün bu müzakirələrin, aparılmış təhlillərin nəticəsi olaraq hazırlanıb aidiyyəti orqanlara təqdim edilmiş təkliflər də nəzərə alınmaqla “İnformasiya əldə etmək haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 323-IVQD nömrəli Qanunu qəbul edilib.
Bu dəyişikliklə qanuna sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) şikayət etmək hüququna malik olduğu, həmçinin bu qanunun icrasına nəzarəti Ombudsmanın həyata keçirdiyi təsbit olunub.
Ombudsmanın illik məruzələrində də informasiya əldə etmək hüququnun təmini üzrə fəaliyyəti geniş əhatə olunur və həmin illik məruzələr rəsmi internet səhifəsində yerləşdirilir.
Müvəkkil fəaliyyət dövrü ərzində hər il 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq “Hüquqlar hamı üçün!“ mövzusunda jurnalist yazıları müsabiqələri keçirir, müsabiqələrə hüquq mövzusunda yazılmış çoxsaylı məqalələr təqdim olunur.
Ümumilikdə müxtəlif KİV təmsilçisi olan 80-dən çox jurnalistə mükafatlar verilib.
-Ombudsman mediada hansısa monitorinqlər aparıbmı?
-Ombudsman təsisatında aşkarlığa, əyaniliyə, jurnalistlərlə səmərəli əməkdaşlığa üstünlük verilir, müxtəlif mövzular üzrə mətbuat konfransları və brifinqlər keçirilir, media nümayəndələrinin diqqəti Müvəkkilin insanların pozulmuş hüquq və azadlıqlarının bərpası və təmini sahəsində fəaliyyətinə yönəldilir.
Bununla əlaqədar KİV-lə əlaqələr üzrə müxtəlif məlumat bankları yaradılıb, qəzetlərdə insan hüquqları mövzusunda dərc edilmiş yazıların mütəmadi olaraq monitorinqi keçirilir, Müvəkkilə baş verən hüquq pozuntuları barədə məruzə olunur, müvafiq tədbirlər görülür.
-Əgər aparıbsa, konkret olaraq hansı nöqsanlar aşkar olunub?
-Ombudsman tərəfindən aparılan monitorinqlər zamanı yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan KİV-də yayması, televiziya kanallarında heç bir xəbərdarlıq edilmədən uşaqların baxması uyğun olmayan verilişlərin yayılması kimi nöqsanlar aşkar olunub.
Müvəkkil bu kimi nöqsanların aradan qaldırılması məqsədilə AMətbuat Şurasına, Milli Televiziya və Radio Şurasına müraciət edib. Eyni zamanda belə hallara yol verilməsinin qanunla qadağan edilməsi üçün müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı təklifləri özünün illik məruzəsinə daxil edib.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə (2016-cı il 29 aprel tarixli, 213-VQD nömrəli Qanun) əsasən, artıq yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir.
Eyni zamanda, uşaq hüquqlarının pozulması ilə müşayiət olunan reklamların verilməsi ilə bağlı müvafiq qurumlara müraciət olunub və bunun nəticəsində qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatmayanlar onlara aid olmayan əmtəənin reklamında yayımlanması halları dayandırılıb.
-Bəzi jurnalistlər Media Ombudsman kimi Elmira Süleymanovanın fəaliyyətindən narazıdır. Bu barədə nə deyə bilərsiniz?
-Hər hansı bir jurnalistin tənqidi fikrini anlayışla qarşılamaq və hörmətlə yanaşmaq lazımdır. İstənilən əsaslı tənqid, konstruktiv təklif inkişafa xidmət edir. Lakin, bu tənqidlər qərəzli olduqda və ya Ombudsman təsisatının fəaliyyətindən məlumatsızlıqdan irəli gəldikdə təəssüf doğurur.
Bu baxımdan həmin jurnalistlərə Ombudsmanın fəaliyyəti və səlahiyyətləri barədə daha dərindən məlumatlanmalarını və peşə hüquq mədəniyyətinin inkişaf etdirilməsini tövsiyə edirik.
Bununla belə qeyd etmək istəyirik ki, Ombudsmanın fəaliyyətini izləyən və təqdir edən jurnalistlərimizin sayı daha çoxdur.
Fürsətdən istifadə edib Ombudsman təsisatının fəaliyyətinə və ümumiyyətlə insan hüquqları mövzusuna diqqət göstərən bütün jurnalistlərimizə öz təşəkkürümü bildirmək istəyirik.
Ombudsman təsisatı KİV-lə səmərəli əməkdaşlıq edir, Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri və tədbirləri barədə press relizlər hazırlanaraq ənənəvi mediaya, müxtəlif qəzet və jurnallara, teleradio kanallarına, informasiya agentliklərinə, xəbər portallarına göndərir.
Müvəkkilin mətbuat xidməti öz işini yazılı və inkişaf etməkdə olan elektron KİV-lə, habelə Milli Teleradio Şurası, Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, yeni jurnalist qurumları ilə sıx əlaqələr və əməkdaşlıq şəraitində qurub.
Eyni zamanda, paytaxtda və ölkəmizin müxtəlif bölgələrində nəşr olunan aparıcı qəzetlərin, mərkəzi və yerli teleradio kanallarının, yerli KİV-in müxbirləri ilə sıx əlaqələr yaradılıb. Bu, təsisatın fəaliyyətini geniş əhali kütləsinə çatdırmaq üçün mühüm vasitədir.
Təsisatın fəaliyyəti barədə ümumilikdə 2016-ci il iyunun 1-dək 10323 məqalə və informasiya qəzet və jurnallarda çap edilmişdir. 2016-ci ildə təsisatın fəaliyyəti ilə bağlı 221 məqalə və informasiya dərc olunub.
Fəaliyyət dövrü ərzində Müvəkkilin Mətbuat xidməti 3745 press reliz hazırlanıb. Bunlardan 167-si 2016-ci ilə aiddir. Hazırlanmış press relizlər ingilis dilinə çevrilərək Avropa Şurasına da göndərilib.
Təsisatın fəaliyyətə başladığı vaxtdan Müvəkkil 110-dan artıq bəyanat, o cümlədən hər il 20 Yanvar faciəsinin ildönümü, Xocalı soyqırımının ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanatlar vermişdir. Həmin bəyanatlar nüfuzlu beynəlxalq qurumlara – BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb. Həmin bəyanatlar KİV-də və İnternet saytlarda geniş işıqlandırılıb.
-Ombudsman Elmira Süleymanova hansı yeniliklər haqqında düşünür?
-Azərbaycan Prezidentinin 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.1-ci bəndində İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirməsinə nəzarət imkanlarının gücləndirilməsi üzrə tədbirlərin görülməsi həmçinin Planın 2.2-ci bəndində “İnformasiyanın əldə olunması ilə bağlı hüquqi yardım mexanizmlərinin yaradılması, ixtisaslaşmış təlimlərin və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” nəzərdə tutulub.
Ümidvarıq ki, Milli Fəaliyyət Planın sözügedən bəndinin icrası olaraq, Ombudsman təsisatının informasiya əldə olunması sahəsində səlahiyyətlərinin icrası ilə bağlı müvafiq ştat vahidləri ilə təmin olunması Müvəkkilin informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin daha səmərəli həyata keçirilməsinə zəmin yaradacaqdır.
Eyni zamanda, ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamına əsasən, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası ilə bağlı məsləhətləşmələrin keçirilməsi məqsədilə ötən illərdə olduğu kimi, müntəzəm olaraq bu il də Müvəkkil tərəfindən 31 maydan başlayaraq artıq 40-a yaxın şəhər və rayonda ictimai dinləmələr keçirilib və bu proses davam etdirilir.
İnteraktiv şəraitdə keçən fəal müzakirələrdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, rayon prokuroru və polis şöbəsinin rəisi, məhkəmə sədri və hakim, bələdiyyə sədrləri və üzvləri, yerli icmaların, QHT-lərin, dini və milli azlıqların nümayəndələri, əhalinin müxtəlif qruplarının üzvləri, ağsaqqallar, fəal qadınlar və gənclər çıxış edərək, bu tədbirlərin keçirilməsini yüksək dəyərləndirib.
Həyata keçirilən tədbirlərdə Ombudsmanın fəaliyyəti ilə bağlı səslənən təkliflər də təhlil edilib gələcək fəaliyyətimizdə nəzərə alınacaq. (modern)
İnterpress.az