\”Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən terrorda şübhəli bilinən çeçen Əhməd Çatayevi Bidzina İvanişvili hakimiyyəti həbsdən buraxıb\”. Məlumata görə, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili öz \”Facebook\” səhifəsində yazıb.
Onun sözlərinə görə, Atatürk hava limanında hücumda şübhəli bilinən əslən Çeçenistandan olan Çatayev bir neçə ay Gürcüstanda həbsdə olub.
\”Mən Gürcüstanda hakimiyyətdə olanda hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Əhməd Çatayev həbs edilmişdi. Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı da dünyasını dəyişmişdi. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişərkən, rəhbər vəzifəsinə rusiyalı oliqarx Bidzina İvanişvili keçəndə, yeni hökumət bir çoxları kimi onu da siyasi məhbus hesab etdiyi üçün azadlığa buraxmışdı. Mən o zaman hələ də prezident idim və onun azadlığa buraxılmasına etiraz etdim. Lakin prokurorluq bu etirazı ləğv etdi. İndi o, çoxlu günahsızın ölümünə səbəb oldu\”, – Mixael Saakaşvili yazıb.
Saakaşvili qeyd edib ki, hücum ərəfəsində onun 10 yaşlı oğlu da aeroportun terminalında olub. Odur ki, qubernator həmin faciədə ölən və yaralananların acısını anlayır.
İyunun 28-də Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror hadisəsi baş verib. Üç kamikadze hava limanına əllərində \”Kalaşnikov\” avtomatı ilə daxil olublar. Onlar qarşılarına çıxanları güllələyiblər, daha sonra üzərlərinə bağladıqları bombanı partladıblar.
Hadisə nəticəsində 42 insanın öldüyü, 150-yə yaxın insanın isə yaralandığı deyilir. Ölən və yaralananlar arasında ən son məlumatlara görə, Azərbaycan vətəndaşı yoxdur.
Atatürk hava limanına gəlmiş Türkiyənin baş naziri Binali Yıldırım vəziyyətlə bağlı açıqlama verib. Nazirin sözlərinə görə, hələ ki hadisəylə bağlı dəqiq ittiham irəli sürülməyib. Yalnız İŞİD terror qruplaşmasından şübhələndiklərini vurğulayan Binali Yıldırım araşdırmaların davam etdiyini bilidirib.
Bu ana qədər terror hadisəsi ilə bağlı 13 nəfər saxlanılıb. Onlardan 9-nun türk, üçünün isə əcnəbi olduğu deyilir. (ans)
Partlayışın baş verdiyi ərazi
İnterpress.az