Qadının sözlərinə görə artıq 9 ildir ailə qurduğu Həsənov Mehman ona dözülməz işgəncələr verdiyi üçün evdən qaçmaq məcburiyyətində qalıb. Əri tərəfindən hədə-qorxulara məruz qalan Sevinc Əliyeva yaşadığı dəhşətli həyatından bəhs edib:
“Mehmanla Ağcabədidə qapıbir qonşu olmuşuq. Ata-anasını da tanıyırdıq. 2007-ci ildə onunla ailə həyatı qurduq. Ancaq mənimlə rəsmi nikaha girmədi. Həmin vaxtlar nikahdan söz salanda deyirdi ki, sən ev istəyisən. Ona görə dı nikah tələb edirsən. Toyumuz olduqdan sonra tez-tez söz-söhbətlər olurdu. O vaxtlar hələ rayonda qalırdıq. Dəfələrlə onun şiddətlərinə məruz qaldığım üçün evimizə qaçırdım. Onu da deyim ki, yoldaşım mənə qədər evli olmuşdu. 1 qız övladı da bizimlə qalırdı. 2012-ci ildə anası rəhmətə gedəndən sonra Bakıya köçdük. Yoldaşımın burada bir neçə evi var. Onları kirayə verir. Mənim burada günüm olmadı. İnanılmaz dərəcədə mənə işgəncələr verirdi. Bir neçə il əvvəl evdən qaçdım. Həmin vaxt məni şərlədi ki, guya evdən qızılları oğurlamışam. Mənə şərt qoydu ki, evə qayıtmasam, məni öldürdürəcək. Çox qorxurdum. Məcbur olub qayıtdım. O vaxt atasının yanında gəlib dedi ki, qızılları özü qəsdən götürübmüş. Atası da bərk əsəbləşdi ki, onları niyə aldadıb. Məni onunla şantaj edirdi ki, evə qayıtmasam məni şərləyəcək.”
Sevinc Əliyeva həyat yoldaşı ilə bağlı danışarkən maraqlı bir məqama da toxunub. Qadının sözlərinə görə, həyat yoldaşı onu əldə saxlamaq üçün cadu etdirirmiş.
“ Yoldaşım caduya çox inanır. Tez-tez molla yanına gedirdi ki, ondan ayrılmayım. Bir dəfə döşəyi qaldıranda gördüm ki, altında ikimizin üst-üstə qoyulmuş şəklimiz var. Cadunu elətdirib nar ağacından asır, evdə tüstü yandırırdı. Evləri kirayə verə bilməyəndə mollaya gedib, dua yazdırırdı. Belə qəribə işlər edirdi. Özü də hər şeydən şübhələnirdi. Mənə dedi ki, sənə mollada baxdırmışam sənə həbs görünüb. Elə bilirdi ki, kimsə buna cadu edib. Hətta öz d oğma qızına da zülüm verir. Biz 9 ildir ki, bir yerdə yaşadıq. Qızı ağıllı və tərbiyəli qızdır. Özü də tələbədir. Ancaq onun da gününü qara edib..”
Yoldaşının işgəncələrinə dözməyən Sevinc xanım evdən qaçdığı üçün əri tərəfindən şərləndiyini bildirir.
“ Mənə dəhşətli işgəncələr verdiyi üçün dözə bilmirdim. Bir dəfə evi tozsoranla təmizlədiyim üçün məni möhkəm döydü. Deyirdi ki, tozsoranla niyə edirsən? İşıq pul yazır. Həmin vaxt mənim saçımdan tutub vanna otağına saldı. Suyu açıb, başımı suya saldı ki, boğulum. Ürəyim gedəndən sonra buraxdı. O qədər döymüşdür ki, yeriyə bilmirdim. Ancaq qaçmağa da qorxurdum. Mənə demişdir ki, əgər evimizə getsəm məni də, qardaşımı da, bacımı da öldürdürəcək. Bir dəfə dözə bilmədiyim üçün yenə evdən qaçdım. Məni şərlədi ki, guya evdən pul,qızıl, ”kupça” oğurlamışam. Həmin vaxt ailəmi zəng edib təhqir edirdi. Biz də ondan polisə şikayət etmişdik. Məni yenidən zorla evə qaytardı. Evə gətirib mənə dedi ki, məndən qisasını alacaq. Məni buz dolu butulka ilə qoluma vurdu. Artıq dözmək olmurdu. Sonuncu dəfə məni insanların içərisində təhqir etdi. Söyüş söydü. Maşında mənə dedi ki, səni evə aparıb, öldürəcəyəm. Artıq qorxudan bədənim əsirdi. Özümə söz verdim ki, bu sonuncudur. Daha o evdə qalmayacağam. Planlaşdırdım ki, evdən qaçacam. 1-ci gün evdən qaçdım. Həmin vaxt evdə xərclik üçün verilən puldan 50 manat yol pulu üçün götürdüm. Ağcabədiyə anamgilə getdim. Üstündən iki gün keçmişdir ki, mənə mesaj yazdı ki, peşman olub. Evə qayıtmağımı istədi. Ancaq söz vermişdim ki, daha qayıtmayacam. Məndən əl çəksin. Sonuncu dəfə məni evdə döyüb, zorla əlimi qurana basdırmışdı ki, bir daha evdən qaçmayım. Ancaq dözülməz həyat idi. Gördü ki, mən fikrimdə qətiyəm başladı mənə şər atmağa. Məndən Yasamal rayonu 27-ci polis bölməsinə şikayət ərizəsi verib. Guya ki, evdən çıxanda 4.000 AZN, 5000 dollar məbləğində pul və qızıl-zinət əşyaları aparmışam. Həmişə mən evdən qaçanda dəfələrlə məni belə şərləmişdi. Onun mənə şər atması barədə məndə sübut var. Məndə qızının yazdığı mesajlar var. İş məhkəməyə gedəndə hər şeyi sübut edəcəyəm. Evdən çıxanda yazıb məktub qoydum ki, mən gedirəm. Açarlar da məndədir. Qapının zamokunu dəyişərsən. Amma indi mənə şər atır ki, guyə açarları da oğurlamışam. Bütün bunlar hamısı məni susdurmaq üçün atılmış addımdır.”
Daha sonra əri tərəfindən təyziqlərə məruz qalan Sevinc Əliyeva maddi imkanı olmadığından vəkilsiz qaldığını bildirdi.
“ İndi məndən şikayət edib. Mənə bölmədən təklif etdilər ki, ərinlə barışsan sənə qarşı verilən şikayəti geri götürəcək. Mən də imtina etdim. Dedilər ki, 50 manat pulu götürdüyüm üçün mənə 9 il həbs verəcəklər. Mənim vəkilim yoxdur. Köməksiz görüb üstümə gəlirlər. Ancaq mən geri çəkilən deyiləm. Lazımı olan dövlət qurumlarına müraciət edəcəm. Məni şərləyib, susdurmaq istəyirlər. Mənə onun heç bir şeyi lazım deyil. Məndən əl çəksin.Ümid edirəm ki, hüquq mühafizə orqanları bu məsələni araşdırıb, qanuni qiymət verəcək. Mehman məni yiyəsiz və arxasız bilirsə, ölkənin qanunları var. Mən qanunlarımıza sığınıram. İnsanlardan mənə dəstək olmalarını xahiş edirəm. ” ( femida.az )
İnterpress.az