Festival iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi siyasətçi Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyublar.
Festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma sərgilənib, həmçinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub.
Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən, o cümlədən İndoneziya və Ukraynadan gəlmiş qonaqlar iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər.
Sumqayıt şəhəri festivala 62 çeşiddə hazırlanmış dolma ilə qatılıb. Ən çox dolma çeşidi ilə festivala qatılan Sumqayıt tədbir iştirakçılarının və Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb edib. Bununla yanaşı Sumqayıt yeganə iştirakçı idi ki, öz dolması – Sumqayıt dolması (49 çeşiddə) ilə festivalda təmsil olunurdu.
Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bildirib ki, festival ölkənin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir: \”Azərbaycanda bundan əvvəl də müxtəlif mətbəx nümunələrimizə aid festivallar keçirmişik. Çünki bəzən bir bölgədə bişirilən yeməklərdən digər bölgənin xəbəri olmur. Araşdırmalarımız nəticəsində Azərbaycan mətbəxinə aid 300-ə yaxın dolma növünü ortaya çıxarmışıq və bu gün onlar festivalda təqdim olunur. Qoy dünya görsün ki, bizim necə var-dövlətimiz, zəngin mətbəximiz var. Hansı ölkənin 300 növ dolması var, harada dolma şorbası, dolma kababı var? Ən çox dolma çeşidinə görə, Azərbaycanın Ginnesin Rekordlar Kitabına düşəcəyi planlaşdırılır”.
Festivalda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Festivalda 6 nominasiya üzrə mükafatlar təqdim olunub: \”Ən yaxşı xarici ölkə dolması”, \”Ən yaxşı rayon süfrəsi”, \”Ən maraqlı tarixi qeyri-adi dolma”, \”Ən yaxşı dolma”, \”Ən yaxşı xarici təqdimat”, \”Ən çox medal toplayan rayon”.
Sonda qalib komandalara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.
Festivalda Sumqayıt şəhəri iki nominasiya üzrə mükafatlandırılıb. Sumqayıt regionlar arasında ən cox dolma ceşidinə görə II yerə layiq görülüb.
İnterpress.az