Yay fəsli gəldiyindən dənizkənarı bulvarda fəaliyyət göstərən kafelərin müştəri bolluğuna görə süni qiymət artırmaları hamımıza məlumdu. Hansı ki, onların təklif etdiyi iki nəfərlik çay dəstinin qiymətinə iki nəfər rahat yeyib içə bilər. Bu dəfə yolumuzu dəniz kənarı bulvara salıb kafelərdəki qiymətlərlə maraqlandıq. Yadınızdadırsa ötən il bulvarda süni qiymət artımıyla bağlı qaynar xətt xidməti də yaradılmışdı və buna nəzarət edilirdi. Amma, bu il deyəsən o qaynar xəttə də məhəl qoyan yoxdu.
“Çay mürəbbəylə və ya şokoladla verilir ki, bunun da qiyməti 7 manatdı…”
İlk baxış keçirdiyimiz yer iki mərtəbəli şüşəli “Günəşli” kafesi oldu. Təbii ki, burda bizi maraqlandıran çayın süni qiymət artımı idi. Bizə yaxınlaşan ofsiantdan sadə çay, yəni qənd limon və bir çaynik çay istədik. Ofsiant təəsüflə bildirdi ki, onluq deyil və müdriyyətin göstərişi var. Çay mürəbbəylə və ya şokoladla verilir ki, bunun da qiyməti 7 manatdı.
Oradan ayrılıb yaxınlıqda yerləşən “Delfin” kafesinə yollandıq. Burda da bizə çayı delfin qiymətinə təqdim etdilər. Bir əlində siqaretini tüstülədən ofsiant digər əli ilə də masanı silirdi. Biz də özümüzü müştəri kimi təqdim etdik:
– Çay içmək istəyirdik. Sadə çay verirsiniz?
Bizə çevrilib tərs – tərs baxan ofsiant dilləndi:
– Bizdə sadə çay verilmir. Mürəbbəylə 7 manat, çay dəsti isə 15 manatdır.
Yolboyu demək olar ki, bir çox kafelərə döndük, amma iki manata təqdim olunan sadə çayı içə bilmədik. Yolumuzu “Rast” kafesinə saldıq. Burda doğrudan da gözlədiyimiz cavabı aldıq. Kafedən bildirdilər ki, sadə çay veririk və bunun qiyməti cəmi 2 manatdı.
“Biz heç vaxt kimsəyə sadə çay vermirik deməmişik…”
“Rast” kafesinin rəhbərliyi bildirdi ki, biz heç vaxt kimsəyə sadə çay vermirik deməmişik. Ola bilsin hansısa ofsiant bizdən xəbərsiz müştəriyə bu cavabı verib. Elə biz də “Rast” kafesində əyləşib 2 manata olan sadə çay içdik. Kafelərdə həmçinin yemək də təqdim olunur. Aşbazlardan aldğımız məlumata görə burda insanlara tez hazırlanan yeməklər təqdim olunur. Elə bunu müştərilər özü də belə istəyir ki, yemək tez hazır olsun və yeyib getsinlər. (moderator.az)
İnterpress.az