Xəbərə görə, Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, 2015-ci ildə Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 33 uşaqdan 3-16 yaş arası 10 uşaq övladlığa verilib.
Uşaqlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması, uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsinin nəticəsi olaraq ölkə üzrə ümumilikdə 604 uşağın, 2015-ci ildə isə 12 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.
Təhsil Nazirliyinin əmrinə əsasən, Lənkəran şəhərində oğlanlar üçün tikilən ailə tipli kiçik qrup evi istifadəyə verilib. Dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq, indiyədək 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi ləğv edilib. Daha 16 internat məktəbinin transformasiya olunması ilə bağlı müvafiq tədbirlər görülür.