Jurnalist Fikrət Fərəməzoğlunun hansı yazıya görə həbs olunduğu bəlli oldu; baş redaktordan Mehman Əliyev adlı şəxs şikayət edib
İnterpress.az Jam.Az saytında dərc olunan həmin yazını olduğu kimi təqdim edir:
\”AQVA», «HİLS», «Vostoçnıy Bereq», «Diana» və «Jasmin» kimi məkanların fəaliyyətinə kimsə müdaxilə edə bilmir, hətta İnsan Alverinə Qarşı Mübarizə İdarəsi belə; Antaliya Mehmanı bu qədər qüdrətli edən kimdir?
Bir müddət əvvəl Azərbaycanda bir çox otel və mehmanxanaların ləğv olunmuş MTN tərəfindən nəzarətə götürüldüyü, habelə onların gizli kameralarla təhciz edildiyi barədə məlumat vermişdik. Bildirmişdik ki, Akif Çovdarovla Elçin Quliyevin birgə «layihəsi» olan bu prosesdə xeyli sayda iş adamı, habelə imkanlı şəxslərin uşaqları gizli şəkildə çəkilib və onlardan şantaj yolu ilə pul alınıb.
JAM.AZ-ın bununla bağlı araşdırması nəticəsində 20-yə yaxın otelin adı aşkarlanmışdı ki, onlardan da hər ay MTN generallarının haqq aldığı vurğulanmışdı. Bu sırada «Clear» və «İron», həmçinin «Çahargah», «Sabirabad» və daha bir çox tanınmış otellərin adları ortaya çıxmiışdı. Qeyd edək ki, bununla bağlı apardığımız araşdırma nəticəsində daha bir maraqlı şəxsin adı üzə çıxıb. Məlum olub ki, MTN-in nəzarəti altında hərəkət edən və otaqları gizli kameralarla təhciz olunmuş daha bir neçə otel var.
Araşdırma zamanı bəlli oldu ki, şəhərin mərkəzində fəaliyyət göstərən «AQVA», «HİLS», «Vostoçnıy Bereq», «Diana» və «Jasmin» otellər də Çovdarovla Quliyevin nəzarəti altında olub. Bu otellərin sahibi isə əslən Şuşa şəhərindən olan, «Antaliya» ləqəbli Mehmandır. Bu şəxsin əxlaqsızlıq yuvaları saxlamaqda ən mühüm fiqurlardan biri olduğu deyilir. Məlumatlarda iddia olunur ki, o, bu işlərdə tək deyil. Onun həmçinin şərikləri də var. Həmin şəriklərdən biri isə Baxşəli adlı şəxsdir.
Maraqlı məqamlardan biri odur ki, adları çəkilən otellərdə intim xidmətlər heç də gizli, qapalı şəkildə həyata keçirilmir. Açıq şəkildə həyata keçirilən prosesdən əldə olunan gəlirlər isə şəriklər arasında bölüşdürülür. Maraqlıdır ki, prosesin içində kifayət qədər maraqlı bir başqa adam da var. Həmin adam isə ölkənin ərn mühüm obyektlərindən birində təsərrüfat işlərinə baxandır və onun missiyası «AQVA», «HİLS», «Vostoçnıy Bereq», «Diana» və «Jasmin»i mətbuatdan «qorumaq»dır. Həmin şəxs barəsində ayrıca bir məqaləmiz olacaq.
Məsələnin ən ilginc tərəfi odur ki, bu otellərin içində başlıca yer tutan, habelə açıq şəkildə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən «AQVA» YAP-ın, Rəssamlar İttifaqının və digər xüsusi əhəmiyyətli binalaranın yaxınlığında yerləşir.
Mehman və Baxşəlinin Səməd Vurğun küçəsində yerləşən \”HİLS” masaj salonu, Yasamal rayonu ərazisində \”Vostoçnı Bereq” masaj salonu, Memar Əcəmi metrosunun yanında üzərinə masaj qeyd olunan və keçidi ilə fərqlənən, eyni zamanda ümumi görünüşü diqqəti cəlb edən masaj salonları da himayə altındadır.
Antaliya Mehman qumar həvəskarıdır və mütəmadi olaraq bu oyunlarda iştirak edir. Hətta onun bir dəfə bütün var-dövlətini uduzduğu deyilir. İddia olunur ki, müflis vəziyyətə düşən otel sahibi, sonradan arenaya qayıtmaq üçün ayrı-ayrı adamların imkanlarından yararlanıb. Və çox keçməyib ki, o, Nobel prospektindən Zığ qəsəbəsinə gedən yolun son tərəfində «Antaliya» adlı restoran açmağa nail olub. Həmin restoranın isə yüksək çinli məmurlardan birinə məxsus olduğu deyilir.
Bu əsnada onu da vurğulayaq ki, «Antaliya» Mehmanın himayəsində və işlətməsində olan otellərlə bağlı sosial şəbəkələrdə də qruplar yaradılıb. Həmin qruplarda isə sözügedən otellərdə intim xidmət göstərən qızların özlərini reklam etdikləri, habelə qiymətlər barədə məlumatlar yer alır.
Açıq şəkildə həyata keçirilən proseslərə rəğmən, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin məsələyə münasibət bildirməməsi, habelə tədbir görməməsi isə kifayət qədər müəmmalıdır. Halbuki kiçik bir olaydan dolayı Bakıdan ən ucqar rayona qədər əməliyyat qrupu göndərən idarənin rəisi, general Şərif Şərifov nədənsə, YAP-ın binasının düz yaxınlığındakı əxlaqsızlıq yuvalarını görə bilmir. Mümkündür ki, cənab generalda bununla bağlı hər hansı bir fakt və ya görüntü, foto yoxdur. Lakin bu yazımızın sonunda həm Antaliya Mehmanın əsas obyektlərindən biri olan «Diana» massaj salonunda baş verənləri əks etdirən videonu da yayımlayacağıq. Üstəlik, fotoları da oxucuların diqqətinə çatdıracağıq. Ümid edirik ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəhbərliyi və əməkdaşları həmin məlumatlardan yararlanıb, şəhərin mərkəzində əxlaqsızlıqla məşğul olan obyektlərin bağlanılması ilə bağlı tədbir görəcəklər.
P.S. Antaliya Mehmanı mətbuatdan qoruyan şəxs kimdir? Onun «Nəşriyyat»ın direktoru Ağabəy Əsgərovla nə əlaqəsi var? Bu barədə yaxın günlərdə geniş məlumat veriləcək\”.
Qarşı tərəfin də mövqeyini verməyə hazırıq