Prezidentlə görüşmək istəyən nardaranlıları polislər oğurlayıb-VİDEObackend

Prezidentlə görüşmək istəyən nardaranlıları polislər oğurlayıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nardaran sakini Emin Qurbanov da prezidentlə görüşən sakinlərin arasında olmalı idi. Bu cür planlamışdı, amma həmin günü polis idarəsində keçirməli oldu. O, ölkə başçısının “lazimi səviyyədə kompensasiya verilib” sözünə etiraz edəcəkdi. Emin Qurbanov Nardaranda yolun genişləndirilməsi üçün plana düşən həyətyani sahəsinə verilən kompensasiyadan narazı idi. Narazı olsa da, hasarı sökülüb, 2 sot yarım torpaq sahəsi götürülüb, o torpağın üstündəki 40 meyvə ağacı kəsilmişdi. Amma bu fikirlərini prezidentə yox, Sabunçu rayon Polis İdarəsinin işçilərinə deməli olub.
”Prezidentin gəlişindən bir gün əvvəl gecə mənə zəng etdilər ki, “Ağsaqqal, sabah səhər 8-də şöbəyə gəl, sənin kompensasiyan veriləcək. Hər şey yaxşı olacaq”. Mən də inandım çünki zəng edən zabit idi. Mən də səhər ora getdim. Sən demə bizi gizlətmək üçün çağırıblar. Məni, məndən başqa bir neçə ağsaqqal adamı avtobusa oturdub Sabunçuda mərkəzi şöbəyə (red. Sabunçu rayon Polis İdarəsi) apardılar. Mən də başa düşdüm. Dedim, nəyə görə bizi gizlədirsiniz? Biz prezidentə neyləyəcəkdik, ona dərdimizi deyəcəkdik. Dedilər, hər şey yaxşı olacaq. Bizə orada təzədən ərizə yazdırdılar, şikayətimiz nədir, nə baş verib sonra qol çəkdirdilər. Evdə də yoldaşım var idi. Polislər o qapını da, bu qapını da içəridən tutublar yoldaşımı küçəyə çıxmağa qoymayıblar”.

Sakin evinə gələn hökumət işçilərinin torpağının hər sotuna 1500 manat, hər meyvə ağacına 2000 manat kompensasiya veriləcəyi ilə bağlı
onu aldatdıqlarını deyir.
““Serjant” desəydi, adam inanmazdı amma bu zabit idi. Dedi ki, cənab prezident torpağın hər kvadrat metrinə 1500 manatdan kompensasiya verəcək, hər meyvə ağacının birinə 2000 manatdan pul ödəyəcək. Bundan başqa da sənə nə zərər dəysə, ölçülüb-biçiləcək hamısının kompensasiyası ödənəcək. Sən demə bunların hamısı yalanmış. Ondan sonra dedilər ki, bu yaxınlarda gələcəyik ikitərəfli müqavilə yazılacaq. Kompensasiyan ödənəcək sonra söküntü-tikinti işləri başlayacaq. Dedim, hə, lap yaxşı. Evimdə oturmuşdum, bir də gördüm elə bil zəlzələ baş verib. Mən evdən çıxana qədər 48 metr 80 san. uzunluğunda olan hasarımın haradasa 35 metri sökülüb. Gəldim işi saxlatdırdım. Gördüm avtomatlı, maskalı adamlar mənə hücuma keçirlər ki, tutub içəri salsınlar. Nəyə görə?!”

Şikayətçi danışır ki, söküntü aparılandan sonra get-gələ düşüb, kompensasiyasını tələb edib. 40 meyvə ağacının biri 24 manatdan hesablanıb, 2 sot yarım torpaq sahəsi ilə birlikdə Nardaran sakininə 5834 manat kompensasiya verilib. O, bu pula “konfet kağızı” deyir.

”Torpağım, 40 ağacım, 5000 manatlıq şitilim getdi. Hələ mən bunların xeyrini demirəm, ağaclarımın meyvələrinin xeyrindən danışmıram. Bunun xeyri külli miqdarda puldur. Mən onunla oğlumu evləndirəcəkdim, gələn məhsula qədər ölməyib sağ qalsaydım, evimin çörək pulu olacaqdı. Toya çağıracaqdılar gedəcəkdim, yasa çağıracaqdılar, gedəcəkdim. Bu, təkcə mənim başıma gəlməyib. Bütün Nardaran əhlinə zülm edirlər. İndiyə qədər heç kimin torpağının pulun verməyiblər.

Ölkə başçısı İlham Əliyev 21 iyunda Nardarana gələndə əri polis idarəsində olan qadının özü prezidentlə görüşmək istəyib. Amma ona da icazə verməyiblər. Gülnarə Qurbanova danışır :
“Ona can atırdım ki, hörmətli prezidentimizə olan hadisələri olduğu kimi deyim. Gördüm ki, həyətimdə iki polis işçisi biri qapının o tərəfində, biri bu tərəfində bizi mühasirəyə aldılar. Onlar bizi bayıra buraxmadılar”.

Evin xanımı Gülnarə Qurbanova deyir ki, mülkiyyətinə dəyər-dəyməzinə qiymət biçildiyi üçün intihara cəhd edib.
“Bankaları bağlamağa esensial var idi. Açıb onu içəndən sonra gördüm pis oldum. Oğlumla ərim qışqırığıma durdular. Onlar mənim üçün çörək ağacı qoymayıblar”.

“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyir ki, Nardaranın təkcə Abşeron küçəsində 96 obyekt sökülüb və onların əksəriyyəti həyətyani sahələr olub. Obyekt sahiblərinə ümumilikdə 4 milyon 700 min manat kompensasiya ödənilib. 5834 manat kompensasiyaya razı olmayan Emin Qurbanovun məhkəmə qərarı olmadan ərazisinin niyə söküldüyünü soruşduqda, mətbuat katibi deyib ki, gözləyə bilməzdilər.
“Layihə başlayanda həmin şəxsin sənədləri olmayıb. Sənədlər başqasının adına olub ona görə ödəniş bir az ləngiyib. Layihə də dövlət əhəmiyyətli layihə idi. Orada gözləmək yox idi. Söküntü ilə paralel olaraq tikinti aparılırdı”.

Mətbuat katibi bildirir ki, kompensasiyanı müstəqil Qiymətləndirmə Komissiyası təyin edib və Maliyyə Nazirliyi ödənişi həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Emin Qurbanovun prezidentlə görüşməsinin qarşısını almaq üçün polis idarəsinə aparılması ilə bağlı şikayətini nazirliyə çatdırmasını istəyib.

Emin Qurbanov isə 18 illik zəhmətinin məhv edildiyini deyir. Kəsilən ağacların içərisində 38 yaşlı əncir ağacı, 18 yaşlı ərik ağacı da olub. O, bununla çörək ağacının kəsildiyini deyir.

İnterpress.az