2016-cı altı ayında Azərbaycanda 237 nəfər intihar edib. Onların 147 nəfəri kişi, 70 nəfəri qadın, 20-si məktəbli və yeniyetmədir.
Qeyd edək ki, 2016-cı ildə rəsmən elan olunan intiharların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. 2015-ci ilin ilk yarımilində Azərbaycanda 155 intihar faktının baş verdiyi rəsmən açıqlanıb. Ötən il həmin müddətdə canlarına qəsd etmək istəyənlərin sayı 166 olub. Altı ayda cəmi 6 məktəbli və yeniyetmə intihar edib, bir bu qədəri də buna cəhd göstərib.
Dünyanın ən tanınmış psixoloqlarının fikrincə, intiharlar daha çox yaz aylarında qeydə alınır. Bizim apardığımız araşdırmaya görə, son illər Azərbaycanda da ilin ilk aylarında intihar edənlərin sayı o qədər də çox olmayıb. Müqayisə üçün qeyd edək ki, əgər 2015-ci ilin yanvar ayında ölkədə 23 nəfər həyatına qəsd etmişdisə, bu ilin ilk ayındakı bu göstərici 33 olub. Ötən il fevral ayında 20 ( bu il 35), mart ayında 30 (bu il 43), apreldə 33 (bu il 49), may ayında 28 (bu il 37) və iyunda 21 (bu il 40) müxtəlif səbəblərdən özlərini həyatda yaşamaqdan məhrum edib.
İntiharların sayının artmasının başlıca səbəbi, təbii ki, 2015-ci ildə manatın iki dəfə devalvasiyası ilə bağlıdır. Ötən ilin fevral və dekabr ayında manatın dollara nisbətdə dəyərdən düşməsi ilk növbədə banklardan kredit götürən insanları çıxılmaz vəziyyətlə üzləşdirib. Banklara kreditini qaytara bilməyən, yaxud digər səbəblərdən külli miqdarda borca düşənlər bəzən çıxış yolunu canına qıymaqda görür.
Borca düşənlər arasında həm şirkət rəhbəri, həm ali təhsillilər, həm də sadə insanlar var. Məsələn, yanvarın 5-də Xətai rayonunda qeydiyyatda olan 50 yaşlı Ələmdar Salmanov özünü Pirallahı qəsəbəsində asaraq intihar edib. Onun külli miqdarda borcu olduğu səbəbindən belə bir addıma əl atdığı bildirilib.
Məktəb direktorunun müavini özünü yandırıb
Neftçala şəhər 4 saylı orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini, 64 yaşlı Alik Novruzov yanvarın 7-də məktəbin qazanxanasında özünü yandırıb. Ağır yanıq xəsarətləri alan kişi xəstəxanada dünyasını dəyişib.
Qızı Svetlana Novruzovanın sözlərinə görə, atası hadisəni banklara kredit borcu olduğu səbəbindən törədib. Bu pulu isə o özü üçün deyil, iş yoldaşı üçün götürüb: “Məktəbdə xadimə işləyən bir nəfər oğlu ilə birgə ötən ilin avqust ayında atamı aldararaq adına pul götürüb. 5000 və 2500 manat olmaqla bank atamın adına borc pul verib. Atamın özünün də ayrı bir banka 1000 manat krediti var idi. İş yoldaşı ilə oğlu krediti bir-iki ay ödədikdən sonra rayondakı evlərininin qapısını bağlayaraq köçüblər. O gündən atamın aldığı maaşı və yenicə düzəlmiş təqaüdü bank tərəfindən borc kimi götürülür. Atam da bu vəziyyətdən bezmişdi”.
Svetlananın sözlərinə görə, bu barədə dəfələrlə polisə müraciət olunsa da, onlar bu məsələyə baxmadıqlarını deyiblər.
Özünü yandıran kişinin qızı deyir ki, ailəyə bu məsələdə heç kim köməklik göstərə bilməyib. Ailə az əməkhaqqına görə külli miqdarda borc verən bankı ittiham edir. “Cəmi 140 manat əməkhaqqı alan atama bank necə 7500 manat verə bilib. Bu, qanuna ziddir axı. Məhkəməyə də müraciət etmişdik, məhkəmə hökmü bankın xeyrinə çıxardı. Ondan sonra atam lap dəhşətə gəldi. Bu gün də özünü yandırıb”.
Borca düşən kişi özünü metroda qatarın altına atıb
Yanvarın 13-də Qazax rayon sakini, 34 yaşlı Qoşqar Aşurov Bakı Metropoliteninin “Əhmədli” stansiyasında özünü qatarın altına atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. O, bir neçə il əvvəl ailəsi ilə birgə Bakıya işləməyə gəlib və burada kirayə yaşayırmış. Bir müddət əvvəl isə Aşurov işsiz qalıb.
Qoşqar Aşurovun bu əməli borca görə törətdiyi məlum olub. Araşdırma zamanı məlum olub ki, onun hər hansı banka və ya kredit təşkilatına deyil, tanışlarından birinə 1200-1500 manat miqdarında borcu olub. Son vaxtlar işsiz qalan Qazax sakini həmin pulu toplayıb qaytarmaqda çətinlik çəkirmiş, nəhayət intihara əl atıb.
Gəncə sakini özünü asdı, iki övladı atasız qaldı
İllər ötəcək, özünü banka xeyli miqdarda borcu olması səbəbindən asan Gəncə şəhərində yaşayan, 33 yaşlı Kamal Yaqubov indi 1 yaşı olan qızı və 5 yaşlı oğlundan soruşacaqlar: “Atan niyə özünü öldürüb?”
Görəsən, onlar nə cavab verəcəklər? Deyəcəklərmi ki, atamız hansısa banka borcu olduğu üçün bizi yetim qoyub? Azərbaycanda valideynləri müxtəlif səbəblərdən özlərini öldürüb övladları yetim qalan yüzlərlə belə uşaq böyüyür.
Yanvarın 14-də intihar edən K.Yaqubov Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində işləyirdi.
Ağcabədi rayon sakini, 40 yaşlı Zeynal Namazov borcu olduğuna görə həyatına qəsd edib. Onun üç övladı qalıb.
Ərini işə, övladlarını dərsə göndərib özünü öldürdü
Sabunçu rayonu, Binə qəsəbə sakini, 39 yaşlı Aynur Xancanova özünü yaşadığı evin həyətində asıb. Bildirildiyinə görə, hadisə vaxtı evdə qadından başqa heç kim olmayıb. Canına qəsd edən qadının iki övladı məktəbdə dərsdə, əri isə işdə olub.
Qadının intihar etməsinə səbəb olaraq onun ailəsinin böyük miqdarda borcu olması göstərilib.
Martın 1-də Ağdam rayonu, Xındırıstan kəndində, 54 yaşlı Mövsüm Atapur özünü asıb. Yaxınlarının bildirdiyinə görə, iki oğul övladı olan atanın külli miqdarda borcu olub, intihar da bu səbəbdən baş verib.
Salyan rayonu, Qaracala kənd sakini, 26 yaşlı Ruhəngiz Babayeva da özünü asaraq öldürüb. 3 yaşlı oğlu olan qadının özünü öldürməsi hamını şoka salıb. Məlumata görə, bir neçə gün öncə Ruhəngiz ərinin bankdan kredit götürdüyünü öyrənib. Ailə üzvləri onun məhz bu səbəbdən intihar edə biləcəyini deyiblər.
İki övladı olan Göyçay rayonu, Ərəb kənd sakini, 43 yaşlı Ariz Zülfüqarov həyətindəki meyvə ağacından özünü asıb. Bildirildiyinə görə, o, ayrı-ayrı şəxslərə və banka pul borcu olduğu üçün intihar edib.
Şirvan şəhər sakini, 43 yaşlı Şəfayət Ağayevin meyiti də yarımçıq tikilidə asılmış vəziyyətdə aşkar edilib. O, intihardan əvvəl məktub yazdığı məktubunda borclu olduğuna, iş tapa bilmədiyinə görə bu yola əl atdığını qeyd edib.
25 yaşlı Şirvan şəhər sakini Anar Əhmədov da borcu olduğu səbəbindən həyatına qəsd edib.
Borclu kişi özünü meşədə asdı
Qəbələ rayonu, Tola kənd sakini, 44 yaşlı Elçin Abdullayev kənd ərazisindəki meşə zolağında özünü asıb. Onun kənd ərazisində mağaza işlətdiyi, ancaq banklara kredit borcu olduğu bildirilib.
Anasını gözüyaşlı, həyat yoldaşını tənha, övladını atasız qoydu
Xəzər rayonu, Zirə qəsəbə sakini, 23 yaşlı Taleh Ömərli üstünə benzin tökərək özünü yandırıb. Nəticədə aldığı yanıq xəsarətindən dünyasını dəyişib. Maddi baxımdan problemləri olan 23 yaşlı Taleh ailəyə baxa bilməyib, bundan başqa onun banka da kredit borcu olub.
Qohumlarının bildirdiyinə görə, intihar etməmişdən öncə Taleh Ömərli evini də satışa qoyub. Özünü öldürməklə Taleh üzləşdiyi çətinliklərin cəngindən xilas olsada, geridə gözüyaşlı anası, tənha həyat yoldaşı və atasız böyüyəcək 2 yaşlı körpə uşaq qalıb.
Müəllimi özünü yandıran ölkə
Fevralın 1-də Ağcabədi rayon mərkəzində 52 yaşlı Zərnişan Ələkbərova özünü yandırıb. Rayondakı 14 saylı orta məktəbin müəlliməsi olan xanımın canına amansızcasına qıymasına səbəb kimi ailə üzvlərinin külli miqdarda borcu olması göstərilib.
Fevralın 22-də Səbail rayonu, Bibiheybət qəsəbəsində üstünə benzin tökərək özünü yandıran 37 yaşlı Eldar Bəkirov üç gün sonra Yanıq Mərkəzində vəfat edib. O, özünü yandıran zaman banka borcu olduğunu və ailəsini dolandıra bilmədiyini deyib.
Borclu qadın siçan zəhəri içib intihar etdi
Gəncə şəhər sakini, 45 yaşlı Nahidə Məmmədova anasının qəbri üzərində siçan zəhəri içərək intihar edib. 4 uşaq anası olan qadın Gəncədə fəaliyyət göstərən lomardlardan birində işləyirmiş. Onun küllü miqdarda borcu olduğuna görə intihar etdiyi bildirilib.
Borclu kişi Lənkərandan gəlib Bakı bulvarında özünü öldürdü
Lənkəran rayon sakini, 46 yaşlı İbrahim Nadirov martın 10-da axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edib.
Hadisə yerinin yaxınlığındakı dirəkdən asılan pencəyinin cibində intihar edən şəxsin məktubu tapılıb. O, məktubda banka olan borcunu ödəyə bilmədiyini yazıb.
Borcu olan mağaza sahibi intihar edib
Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 51 yaşlı Əmirhüseyn Xalıqov tikintisi hələ başa çatmamış evində özünü asıb. Məlumata görə, Ə. Xalıqov Maştağada fəaliyyət göstərən yem mağazasının sahibi olub. Onun xeyli miqdarda borcunun olduğu və bu səbəbdən də intihar etdiyi bildirilib.
Arvad ərini çardaqda asılmış vəziyyətdə tapıb
Aprelin 15-də axşam saat 18 radələrində Şəki şəhərində 33 yaşlı Ramin İsmayılovun meyiti yaşadığı evin çardağından asılı vəziyyətdə həyat yoldaşı tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı onun başqasına borcu olduğu aydınlaşıb.
Banka borcu olan şirkət rəhbəri özünü güllələdi
Mayın 21-də Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında yaşayan, “İnteryer-S” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, 54 yaşlı Söhbət Hacıyev ov tüfəngi ilə özünü güllələyib. O, aldığı güllə yarasından dünyasını dəyişib. Onun rəhbərlik etdiyi “İnteryer S” MMC şirkəti təhlükəsizlik və müşahidə kameralarının quraşdırılması və sazlanması ilə məşğul olub.
Bildirildiyinə görə, Söhbət Hacıyevin rəhbərlik etdiyi qurumun banklara borcu olub. Bir müddət əvvəl şirkət hazırda fəaliyyət göstərəməyən banklardan birini kredit borcunun ləğv edilməsi ilə bağlı məhkəməyə də veribmiş.
Mayın 10-da gecə saatlarında Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 55 yaşlı Əlihüseyn Rzaquluzadə özünü evində asıb.
Əlihüseyn Maştağalı kimi tanınan iş adamının özünü öldürməsinin səbəbi kimi külli miqdarda borca düşməsi göstərilib.
1995-ci ildən iş dünyasında olan Əlihüseyn əvvəllər “kolbasa işi” ilə məşğul olub. Daha sonra siqaret və spirtli içki alverinə girişib. O, əsasən xarici ölkələrdən ölkəyə spirtli içkilər və siqaret gətirməklə məşğul olub və iş adamları arasında da xeyli hörmətə sahib olan şəxs imiş. İş adamı ölkədə fəaliyyət göstərən digər iş adamları üçün də siqaret və spirtli içkilər gətirməklə məşğul olub.
Ancaq MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun ölkədəki digər iş adamlarını incitməsi bu şəxsdən də yan keçməyib. Deyilənə görə, ilyarım bundan öncə Eldar Mahmudovun adamları Əlihüseynin nə az, nə çox, düz yarım milyon manatını alıblar.