Məlumata görə, prosesə hakim Həsən Əhmədov sədrlik edib. Prosesdə vəkil Adəm Məmmədov çıxış edib. O, sabiq deputatın bir çox xəstəlikdən əziyyət çəkdiyini deyib: \”Gülər Əhmədova 2003-cü ildə Moskvada onkoloji mərkəzdə əməliyyat olunub. Daha sonra bir neçə müalicə mərkəzində müalicə olunub\”.
Hakim Həsən Əhmədov bildirib ki, ərizədə Almaniya gedib orada əməliyyat olunması məsələsi qoyulub. Hakim nəyə görə Azərbaycanda müalicə olunmadığını soruşub. G.Əhmədova isə bildirib ki, o, talassemiya xəstəliyindən əziyyət çəkir: \”Dişimi çəkdirəndə belə qanı saxlamaq mümkün olmur. Burda əməliyyat edə bilmirlər, qan dayanmır. Moskvada əməliyyatdan sonra Türkiyədə şüa müalicəsi almışam. Deputat olanda mütəmadi olaraq gedib gəlirdim, xəstə olmağımla bağlı heç kimə heç nə demirdim. Xahiş edirəm, icazə verin, gedim əməliyyat olunum\”.
Dövlət ittihamçısı şikayətin təmin olunmamasını istəyib. Məhkəmə müşavirəyə gedib. Günün ikinci yarsında qərar elan ediləcək.
Xatırladaq ki, G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə məhkəməyə vəsatət verib. Bu ilin aprelin 28-də Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb. Bundan əvvəl G.Əhmədova şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğunun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.
Qərardan narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi G.Əhmədovanın iddiası təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. (virtualaz.org)
İnterpress.az