Məsələ ilə bağlı adı çəkilən ünvanda olaraq şəhid ailəsi ilə görüşdük. Şəhid atası Dövlət Hüseynov olanları belə nəql edib:
“İyulun 4 – də həyətdə əyləşib qonşu kişiləri ilə çay içirdik. Kəndə verilən elektrik enejisini gah yandırıb, gah da söndürürdülər. Birdən balaca nəvəm qışqırdı ki, baba ev yanır. Biz də ev yanan yerə tərəf qaçdıq. Yanğın evin ikinci mərtəbəsində baş vermişdi. İşıq söndüyü üçün quyudan su da çəkə bilmədik. Məcbur olub həyətdəki qumdan götürərək alovun üstünə tökdük. Amma bu da mümkün olmadı. Hava həmin gün küləkli olduğu üçün yanğın daha da şiddətlənirdi.
Yanğın söndürənlərə zəng vurduq. Amma, çox təəsüflər olsun ki, FHN – nin yanğından mühafizə bölüyü bir saat yarımdan sonra əraziyə gəlib çıxdı. Artıq onda iş işdən keçmişdi. Onu demək istəyirəm ki, yanğına vaxtında müdaxilə olsaydı, ev bütöv yanmazdı. Evdən heç nə çıxara bilmədik. İki gəlinin cehizi və qızıl zinət əşyaları yanaraq külə döndü.
Biz indi 15 nəfər adam küçələrdə qalmışıq. Mən sizin vasitənizlə ölkə başçısı cənab İlham Əliyevə və Cəlilabad rayon icra başçısı Əziz Əzizova müraciət edirəm ki, mənim evimin tikilməsi üçün mənə köməklik etsinlər. Mən şəhid atasıyam. Qarabağ müharibəsində üç oğlum döyüşüb və bir oğlum Hilal Hüseynov 1994 – cü ildə itkin düşüb. Evdə salamat qalan heç nə yoxdu. (moderator.az)
İnterpress.az