E. Babayevin sözlərinə görə, bu plazma buludları birbaşa Yerə doğru yönəlməsə də, yaratdığı effektlər dolayısı yolla Yerin maqnit sahəsinə təsir edib. O qeyd edib ki, nəticədə maksimumu 5 olan şkala üzrə G-1 sinfinə mənsub geomaqnit qasırğası baş verib: “Maksimumu 9 qradasiya üzrə geomaqnit Kp indeksi dünən 5 rəqəminə çatıb. Bu böyük rəqəm deyil, lakin kiçik də sayılmaz: \”Hər halda geomaqnit qasırğası yaranıb. Hazırda Günəş səthində sakitlik hökm sürür və cəmi 16 Günəş ləkəsi var. Bunlar da bir Günəş fəallığı qrupunda birləşib. Sonradan indeks bir qədər də enib və hal-hazırda 3 ətrafındadır. Bu o deməkdir ki, həyəcanlaşma getdikcə zəifləməkdədir”.
E.Babayev vurğulayıb ki, bu dəfə qeydə alınan geomaqnit qasırğası kommunikasiya və naviqasiya, yüksək tezlikli elektromaqnit siqnallarına maneə yaradıb. Maksimumu 5 olan şkala üzrə R-1 radiosönmə “qasırğası” da müşahidə edilib. Bu da radiosiqnalların qısa müddətli “donma”sına, onlarda hansısa qısamüddətli fluktuasiyalara (həyəcanlaşmalara) səbəb olub.
Direktor müavini əlavə edib ki, hazırda Günəş səthində orta ölçülərə malik tac dəliyi müşahidə olunur. Tac dəliyindən adətən yüksək sürətli qaynar plazma küləyinin “əsdiyini” deyən E.Babayev vurğulayıb ki, yüklü zərrəciklər seli Yerətrafı fəzaya çatanda əlavə həyəcanlaşma və hətta geomaqnit qasırğası yaradır: “Bu dəfə tac dəliyindən olan mənfi təsirlər iyulun 29-30-da gözlənilir. Günəşin səthində alışmaların olma ehtimalı isə çox aşağıdır. Çünki Günəş səthində ləkələrin sayı həddən artıq azdır”.
İnterpress.az