Doktorantlara 20 il müddətinə təhsil krediti veriləcəkbackend

Doktorantlara 20 il müddətinə təhsil krediti veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın məlumatına görə, bunu AMEA Elm və Təhsil idarəsinin doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov \”Kaspi”yə müsahibəsində deyib.

Ö.Gülalov bildirib ki, güzəştli təhsil kreditlərinin verilməsini də cəmiyyətin elmə marağının gücləndirilməsi üçün atılmış əhəmiyyətli addım kimi qiymətləndirmək olar: “ Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsi üçün uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edəcək”.

Kreditlərin verilməsinin dövlət büdcəsinin vəsaiti və digər qanuni mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulduğunu qeyd edən Ö.Gülalov deyib ki, dövlət büdcəsi hesabına maliyyələşdirmə baza maliyyələşdirilməsi, proqram məqsədli maliyyələşdirmə və qrant maliyyələşdirilməsi formalarında həyata keçiriləcək. Bundan başqa, elmi müəssisə və təşkilatların öz vəsaitləri, o cümlədən beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından və fondlardan müqavilə, müsabiqə və qrantlar əsasında əldə etdikləri vəsaitləri, eləcə də elmi məhsul və xidmətlərinin satışından daxil olan gəlirləri təhsil kreditləri üçün maliyyə mənbəyi ola bilər.

Şöbə rəisinin sözlərinə görə, təhsil kreditlərinin verilməsi ilk növbədə cəmiyyətin bütün təbəqələri üçün bərabərhüquqlu təhsil imkanlarının yaradılmasına xidmət edəcək: “ Təhsil haqları və təhsillə bağlı digər xərclərin güzəştli kreditlər əsasında ödənilməsi elmi fəaliyyəti əngəlləyən və ya məhdudlaşdıran ən böyük maneələrdən birinin – maliyyə probleminin dəf edilməsi deməkdir. Bu isə öz növbəsində insanların elmi fəaliyyətə cəlb olunmasına müsbət təsir göstərəcək və cəmiyyətin elmə olan marağının artmasına səbəb olacaq”.

Güzəştli təhsil kreditlərinin gələcəkdə magistrantlar üçün də tətbiq edilməsi Akademiya rəhbərliyinin perspektiv planına daxil olan əsas məsələlərdən biridir.

İnterpress.az