“Məhsulun maya dəyərini aşağı salmaq üçün…” – Xətaidəki yanğınla bağlı yeni məlumatbackend

“Məhsulun maya dəyərini aşağı salmaq üçün…” – Xətaidəki yanğınla bağlı yeni məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş və şahid ifadə verib.

“Evdə olan İran xalçam yanıb…”

Məhkəmə prosesində ilk olaraq zərərçəkmiş Əfrəddin Veysəlov ifadə verib.

O, qızının evinin yandığını, lakin özünün də zərərçəkmiş kimi tanındığını bildirib.

Ə.Veysəlov deyib ki, yanğın baş verən gün qızı evdə olmayıb: “Hadisə vaxtı evdə heç kim olmayıb. Mən televizorda baxanda gördüm ki, bina yanır. Qonşulardan birini görəndə bildim ki, evimiz yanır. Rayondan Bakıya gəldim. Mən çatanda bizim ev hələ də yanırdı. Bütün ev külə döndü. Divarlar belə yanmışdı. Ev təmir edilib, 15 min manat da kompensasiya verilib. Amma mən istəyirdim ki, heç olmasa, qızıma 30 min verilsin. Bütün hər kəsin zərəri eyni şəkildə hesablanıb. Bizim evdə qaşıqlar, pərdələr belə yanıb. Bu ödənilən məbləğ azdır”.

Hakimin sualını cavablandıran Ə.Veysəlov niyə zərərçəkmiş kimi tanınmasını belə izah edib: “Mənim də həmin evdə bir ədəd İran xalçam var idi. Yanğında o da yandı. Həm də qızım hadisədən 3 gün sonra gəldi. Ona görə də ilk zərərçəkmiş kimi mən tanındım”.

“Qeyri-rəsmi işləyirdim, 1000 manat maaş alırdım…”

Məhkəmədə şahid qismində Eldar Həsənov da ifadə verib.

E.Həsənov “poliuretan” məhsulların istehsal olunduğu TNH şirkətində sex müdiri vəzifəsində çalışdığını söyləyib.

O, qeyd edib ki, işə qeyri-rəsmi şəkildə götürülüb. Aylıq 1000 manat maaş alan E.Həsənov məhkəmədə ifadəsində bunları qeyd edib: “Məni işə Məmməd Vəliyev götürüb. Məmməd Vəliyevlə birlikdə Bakı Fəhləsi Zavodunda birlikdə işləmişəm. O, zavodda direktor vəzifəsində çalışırdı. İş üçün ona müraciıət etdim. Bir müddət sonra məni sexə dəvət etdi. Mən Xırdalandakı zavodda alət sexinə rəhbərlik edirdim. Sonradan bina üzlüklərinin istehsalına başladıq. Mənim işim sexdə üzlükləri istehsal edib, anbara təhvil vermək idi. Sifarişi isə şirkətin dizaynerlər qrupundan alırdım. Məhsul sexdən sahələrə daşınırdı. Sonra görülən işlərdən xəbərim yox idi. Mən şəhərdə başqa binaların üzləndiyini görmüşəm. Oradan məndə belə bir təsəvvür yaranırdı ki, binalar belə üzlənir”.

Şahid ifadəsini qısa şəkildə bitirdiyindən hakim ona xəbərdarlıq edib və istintaqa 6 səhifəlik geniş ifadə verdiyini xatırladıb.

Bundan sonra şahid hakimin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Şahid hazırda təqsirləndirilən Fərid Sadıqovu sadəcə iş adamı kimi tanıdığını bildirib: “Mən onu bir neçə dəfə sexə gələndə görmüşəm. Başqa fəaliyyəti haqda məlumatsızam. Məmməd Vəliyevi isə məsləhətçi olaraq bilirdim. Mən bütün işlərimi, sözümü Məmməd Vəliyevə deyirdim”.

“Çindən gələn mütəxəsis işin necə görüləcəyini izah etdi”

E.Həsənov ifadəsində sexdə “poliuretan” məhsulların necə istehsal edildiyini danışıb: “Dəzgahlar Çindən gətirilmişdi. Çindən gələn mütəxəsis işin necə görüləcəyini, məhsulun hazırlanma prosedurunu izah etdi. Təxminən bir ay sonra o, getdi. İki məhsulun qarışımından alınırdı. İzosionet və pulior məddələrinin qarışığından hazırlayırdıq. Çindən gələn mütəxəsis bu maddələrin yarı-yarıya qarışdırılması ilə hazırlanacağını demişdi. Biz də o qaydada məhsul istehsal edirdik.

Məhsulların oda davamlı olduğunu bilirdim. Belə deyilmişdi. Ancaq bunu araşdırmaq mənim səlahiyyətimdə deyildi. Mən sadəcə dizayner qrupundan aldığım sifarişi yerinə yetirib, məhsulu təhvil verirdim. Məhsulların oda davamlı olması haqda rəsmi sənəddən xəbərim yox idi. Bizim özümüz heç rəsmi müqavilə ilə işləmirdik.

İstehsal etdiyimiz məhsulun yandığını Xətaidə baş verən hadisədən sonra xəbər tutdum. Dedilər ki, bina yanıb. Biz də materialın üstünə benzin tökdük. Yandırdım, benzin yandı, amma material yanmadı. Hələ də üzlüyün necə yanması mənə yadın deyil”.

Hakim bildirib ki, şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlər var. Şahid Eldar Həsənovun istintaqa ifadəsi elan olunub.

Məlum olub ki, E.Həsənov istintaqa ifadəsində şirkətin direktoru kimi həbs edilmiş Fərid Sadıqov haqda bunları fərqli fikirlər deyibmiş: “Fərid Sadıqov şirkətin rəhbəri idi. Direktor Zaur Əşrəfov, direktor müavini isə Məmməd Vəliyev idi. Şirkətə sifarişlər Fərid Sadıqovun şəxsi əlaqələri hesabına gəlirdi. FHN-dən rəy alınmışdı ki, məhsullar oda davamlıdır. Ancaq bu rəyin necə alındığını bilmirəm”.

O da məlum olub ki, şahid ibtidai istintaqa ifadəsində binaların üzlənməsi zamanı edilən səhlənkarlıq və “poliuretan” üzlüklərin istehsalı zamanı yol verilən qanunsuzluqlar haqda da danışıb.

O, istintaqa ifadəsində bunları deyibmiş: “Üzlük istehsal olunan zaman 50 faiz izosionet, 50 faiz də pulior qatılmalı idi. Ancaq sonradan izosionet 18 faiz artıq qatıldı. Bu istehsal olunan üzlüyün qısa müddət ərzində bərkiməsi üçün idi. Həm də yəqin ki, məhsulun maya dəyərini aşağı salmaq istəyiblər. Üzlüklərə oda davamlılığı artırmaq üçün boya da vurulmalı idi. Bu boya üzlüklərin hər iki tərəfinə vurulmalı idi. Ancaq bizim məhsulların bir üzünə- çöl hissəyə vurulurdu”.

Hakimin sualına cavab olaraq şahid verdiyi ifadələr arasında ziddiyyətlər olmasını belə izah edib: “Cənab hakim, ifadə verəndə eynəyim yox idi. Mən də həmin vaxt həyəcanlı idim. Bir hissəsini oxudum, ancaq sonradan gözüm ağrıdığı üçün ifadəmin qalanını oxumadan imzaladım. Ancaq mən Fərid Sadıqov və digər məlumatlar haqda dediklərimi xatırlamıram”.
Məhkəmə prosesi oktyabrın 4-də şahidlərin ifadə verməsi ilə davam edəcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq, Xətai rayonu ərazisində yerləşən və qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

F.Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, özünün “Astoriya” MMC adlı tikinti şirkətinin olduğunu və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini söyləyib.

İnterpress.az