“Brilyantı əlimdən alıb, 150 min dollar istədilər”backend

“Brilyantı əlimdən alıb, 150 min dollar istədilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında jurnalistlərə Akif Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.

Vəkil bildirib ki, məhkəmədə ilk olaraq \”Real MTK”-nın rəhbəri İlham Qasımov və Namiq Orucovun epizodu üzrə dinləmələr keçirilib: \”Prosesdə Namiq Orucovun sürücüsü olan Gülağa Quliyev ifadə verib. O, istintaqda zərərçəkənmiş şəxs kimi tanınıb. Zərərçəkən prosesdə istintaqa verdiyi ifadəni təsdiqləməyib. Gülağa məhkəmədə verdiyi ifadəsində qeyd elədi ki, 2015-ci ildə İlham Qasımovun bacısıoğlunun toyuna Namiq Orucovu aparıb. Orada söz-söhbət düşdüyünü və saxlanıldığını dedi. Daha sonra isə günahsız yerə tutulduğunun bildirib. Nəticədə isə sərbəst qalıb. Həmçinin, Gülağa restorana maskalı şəxslərin daxil olmadığını da dedi”.

Kamandar Nəsibov qeyd edib ki, prosesdə zərərçəkmiş şəxs qismində brilyant satışı ilə məşğul olan Elçin Hacıyev dindirilib: \”O, məhkəmədə istintaqa verdiyi ifadəni təsdiqlədi. Lakin sərbəst ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət oldu. O, istintaqda verdiyi ifadəsində Türkiyədən brilyantı özü gətirdiyini desə də, məhkəmədə başqa cür danışdı. Dedi ki, brilyantları Türkiyə vətəndaşı Barış gətirib. Ziddiyyəti də belə izah elədi ki, Barış istintaqa çağırması deyə onun adını deməyib”.

Vəkil Kamandar Nəsibov bildirib ki, zərərçəkən şəxs məhkəmə dövründə 5 dəfə ifadəsini dəyişib: \”Suallar verdik, ilişib qaldı. Hətta həmin brilyantı ölkəyə gətirməsi ilə bağlı gömrükdə bəyənnamə göstərmədiyi məlum oldu. Bu adamın qanunsuz şəkildə ölkəyə brilyant gətirdiyi ortaya çıxdı. Bir başa özü qaçaqmalçılıqla məşğul olub”.

Elçin Hacıyev istintaqa verdiyi ifadəsində bildirib ki, 2013-cü ilin fevral ayında Türkiyədən 14 karatlıq brilyant qaş gətirdiyini və onu satmaq istədiyini deyib: \”2013-cü ilin yay aylarında dostum Tofiq Rəcəbov zəng elədi. Alıcı olduğunu və onları tanımadığını dedi. Qızılı satmaq üçün o və əmim oğlu Əjdər Hacıyevlə birlikdə \”Nizami” kinoteatrının yanına getdik. Guya brilyantı almaq istəyən iki nəfərlə görüşəndən dərhal sonra təxminən 15 nəfər şəxs bizi əhatəyə aldı. Üçümüzü də məcburən MTN-nin binasına apardılar. Akif Çovdarovun rəhbərlik etdiyi idarənin əməkdaşları tərəfindən brilyant əlimdən alındı və maddi sübut kimi onlarda qalacağı bildirildi. Bizi azadlığa buraxmaq üçün 150 min dollar pul tələb elədilər. Özünü Rəşad kimi təqdim edən əməkdaş və 3-cü idarənin rəis müavini Akif Əliyev bazar söhbətləri elədilər. Axırda azadlığa çıxmamız üçün 80 min dollara razılaşdıq. Mən pulu gətirmək üçün çıxdım. Əmim oğlu Əjdər Hacıyev və dostum Tofiq Rəcəbov \”girov” kimi MTN-də saxlanıldı. Maşınımı ucuz qiymətə satdım, dost-tanışdan pul götürdüm. 80 mini düzəltdim. Həmin pulu Akif Əliyevə verdim, brilyantı və \”girov”dakı yaxınlarımı buraxdılar”.

Prosesdə zərərçəkmiş şəxs qismində Əjdər Hacıyev də dindirilib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib. Zərərçəkmiş bildirib ki, hadisə olan gün onlara iki nəfər yaxınlaşıb: \”Onlardan biri bir qədər kök, digər isə bir qədər arıq adam idi. Kök adam bir az yaşlı idi. Təxminən 60-65 yaşı olardı, Elçin onlara həm brilyant daşı, həm də həmin daşın sənədlərini göstərdi. Həmin şəxslər ikisi də brilyant daşa və sənədlərə baxandan sonra dedilər ki, pulunu sabah verəcəklər. Ona görə də Elçin daşı cibinə qoydu və həmin iki nəfər şəxs aralanıb getdilər. Onlar yenicə aralanmışdılar ki, 10-15 nəfər şəxs qəflətən yaxınlaşdı və onların arasında bir nəfər MTN-nin əməkdaşı olduğunu söyləyib bizi MTN-ə aparacaqlarını bildirdi. Danışmağa imkan vermədən bizim üçümüzü də MTN-ə gətirdilər. Maşına minən kimi sürücü qismində olan şəxs \”o şeyi ver mənə” dedi. Dediyini anlamadım. Dedi ki, \”nə satırsız, bax onu”. Dedim, vallah mən heç nə satmıram. MTN-ə çatdıq. Məni, Elçini və Tofiqi dəhlizdə divanda oturtdular. Başa düşdük ki, MTN-ə gəlməyimizin səbəbi Elçində olan brilyant daş imiş. Elçin MTN əməkdaşlarına həmin daşı qanuni yolla və sənədlər əsasında ölkəyə gətirdiyini desə də, heç kim ona qulaq asmırdı. Elçini başqa bir otağa apardılar. Tofiq və məni dəhlizdə ayrı-ayrı yerlərdə oturtdular. Dəhlizdə olanda yanımızda olan MTN işçiləri \”siz bilirsiniz nə etmisiz, siz kontrabanda ilə məşğulsuz?!” deyirdilər. Elçini başqa bir otaqda təxminən bir saat sorğu-sual etdilər və sonra saat 15 radələrində onu buraxdılar. Elçin dindirmə otağından çıxanda rəngi qızarmışdı, aydın görünürdü ki, vəziyyəti yaxşı deyil, həyəcanlıdır. Sonra isə məni başqa bir otağa saldılar və qarşıma kamera qoydular ki, çəkəcəklər. Onlar Elçini tanıyıb-tanımadığımı soruşdular. Elçinin doğma əmisi oğlumu dedim. Düşdüyüm vəziyyətə görə şokda idim. Çünki heç vaxt belə halla və təzyiqlərlə rastlaşmamışdım. Elçin çıxıb gedəndə başa düşdük ki, onu pul gətirmək üçün buraxıblar. Saat təxminən 21 radələrində bəstəboy bir şəxs Tofiqi və məni buraxdı və dedi ki, azadsınız, gedə bilərsiniz”.

Məhkəmədə epizod üzrə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 8 əməkdaşı şahid qismində dindirilib. Onlar da istintaqa verdikləri ifadələri təsdiq ediblər.

Çovdarov məhkəmə çıxış edərək, deyilənlərin hamısının yalan olduğunu bildirib.

Məhkəmə prosesi aprelin 17-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilənk şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub. (lent.az)

[b]İnterpress.az[/b