İslamiada ilə bağlı Bakıda ciddi təhlükəsizlik tədbirləri görülürbackend

İslamiada ilə bağlı Bakıda ciddi təhlükəsizlik tədbirləri görülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12-22 may tarixlərində Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Oyunlarla əlaqədar ölkəmizə 57 ölkədən 3 mindən artıq idmançı gəlib. Bu da İslamiada tarixində yeni rekorddur. Həmçinin 1000-ə yaxın rəsmi qonaqlarımız var. Eyni zamanda ölkəyə turist axını var. Xüsusilə ərəb ölkələrindən Azərbaycana axışan turistlərin sayı-hesabı yoxdur. Yarışların yüksək səviyyədə baş tutması üçün Bakının ən müxtəlif nöqtələrində yerləşən stadionlar, idman arenaları və qurğuları hazırdır. Azərbaycan buna qədər də genişmiqyaslı idman tədbirlərinə ev sahibliyi edib. 2 il əvvəl ölkəmizdə Avropa Oyunları keçirilib. Həmin vaxt da, bu gün olduğu kimi, oyunlar zamanı təhlükəsizlik məsələləri geniş müzakirə mövzularından idi.

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında təhlükəsizliyin tam təmin olunacağı haqda açıqlama verib.

M.Quliyev bildirib ki, İslam Həmrəyliyi Oyunları dövlət səviyyəli bir tədbirdir: “Bu, dövlətimiz üçün çox vacib bir tədbirdir. Bilirsiniz ki, bu ili möhtərəm prezidentimiz ”İslam Həmrəyliyi ili\” elan edib və bu çərçivədə də Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu tədbirin təhlükəsizliyi təbii ki, tam təmin olunacaq\”.

Azərbaycanın xüsusi xidmət orqanları yarana biləcək problemlərin qarşısını almaq üçün ciddi tədbirlər görür. Hələ “Eurovision-2012\” ərəfəsində böyük bir qruplaşma Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən aşkar olunaraq zərərsizləşdirilmişdi. Bakı-2015 I Avropa Oyunları zamanı da müəyyən qüvvələr təhdid xarakterli addımlar atmışdılar. Həmin vaxt bu təhdidləri edən şəxslərə, təxribat planlaşdıran qüvvələrə qarşı əməliyyat keçirərək, onları zərərsizləşdirmişdilər. Bu əməliyyatlar zamanı bir neçə təxribatçı məhv edilmiş, bir neçəsi həbsə alınmışdı.

İslam Oyunları zamanı önəmli məsələlərdən biri də qonaqların təhlükəsizliyinin təmin olunmasıdır. Belə məlumatlar var ki, Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlərin, dövlət başçılarının səfərlərinin təhlükəsizliyinin qorunmasında dünyanın ən inkişaf etmiş ölkələrinin xüsusi xidmət orqanları əməkdaşlarının təcrübəsindən də istifadə edilir. “Eurovision” yarışması, Avropa Oyunları zamanı da Rusiya, İsrail xüsusi xidmət orqanlarının peşəkar təhlükəsizlik əməkdaşlarının və texnoloji vasitələrin imkanlarından istifadə edildiyi iddia olunurdu…

Qeyd edək ki, bu ilin yanvarında DTX rəisi, general-leytenant Mədət Quliyev mətbuata açıqlamasında Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımların atıldığını deyib. Xidmət rəisi qeyd edib ki, digər dövlətlərin Azərbaycana qarşı təhdidləri, maraqları var. “Yaxın Şərqdə gedən proseslərin təhdidləri var. Lakin prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hüquq-mühafizə orqanları qətiyyətlə bu məsələləri həll edirlər”- deyə general-leytenant bildirib.

DTX tərəfindən bölgələrdə keçirilən əməliyyatlara toxunan M.Quliyev qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirildiyini vurğulayıb: “Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşdılar, lakin bunun qarşısını qətiyyətlə aldılar. Ümumiyyətlə, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə tək işləmirlər, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə çalışırıq, məlumat mübadiləsi edirik”.

Bu açıqlamada yer alan fikirlər də belə nəticəyə gəlməyə əsas verir ki, İslamiadada təhlükəsizliyin qorunmasında xarici dövlətlərin xüsusi xidmət orqanının dəstəyi istisna deyil. (musavat)

İnterpress.az