“OMON”çu Elçin Əmiraslanov aclığı dayandırdıbackend

“OMON”çu Elçin Əmiraslanov aclığı dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iyunun 1-dən etibarən Qobustan qapalı həbsxanasında ölüm aclığına başlayan ömürlük məhbus, “OMON”un komandirlərindən olmuş Elçin Əmiraslanov aksiyanı dayandırıb. Müalicə müəssisəsinə köçürülmə tələbi yerinə yetirilən Qarabağ əlili aclığın 10-cü günündə belə bir qərar qəbul edib.

Mətbuatın diqqətdə saxladığı aksiyaya, nəhayət, sonda aidiyyəti qurumlar reaksiya verərək, Qobustan həbsxanasına gediblər. 10 gün aclıq edən “OMON” komandirinin səhhətində əlavə problemlər də yaranıb.

Bu barədə müsavat.com-a Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı məlumat verib: “Aksiyanın 10-cu günündə Elçin Əmiraslanovla həm həbsxananın rəhbərliyi, həm də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndələri ciddi şəkildə maraqlanıblar. Təkidlə xahiş ediblər ki, aksiyanı dayandırsın. Elçinin əsas tələbi müalicə müəssisəsinə köçürülməsi ilə bağlı idi. Çünki səhhətində ciddi problemlər var idi. Elçinə tələbinin yerinə yetiriləcəyinə söz veriblər. Hazırda o, həbsxananın tibb məntəqəsindədir. Amma söz veriblər ki, qarşıdakı günlərdə müalicə müəssisəsinə köçürəcəklər. Aksiya nəticəsində onda halsızlıq yaranıb. Tibb məntəqəsinə ona görə köçürüblər ki, uzun müddət olan aclıq nəticəsində yaranan problemlər aradan qalxsın. Qızı ilə danışıb və bildirib ki, səhhətində aclıq aksiyası ilə bağlı əlavə ciddi problemlər yaranıb. Amma həyatı üçün ciddi bir təhlükə yoxdur”.

Qeyd edək ki, 21 ildir həbsdə olan E.Əmiraslanov Hepatit C-dən əziyyət çəkir. Həbsdə olduğu müddət ərzində hər il müalicə alan “OMON” komandirinə bu il müalicə olunmağa icazə verilmirdi. Məhz bu səbəbdən səhhəti ağırlaşan sabiq komandir çıxış yolunu aclıq aksiyasına başlamaqda görmüşdü.

İnterpress.az