Təsadüfü deyil ki, sentyabrın 14-də Moskvada Telman İsmayılova məxsus 12 ünvanda qəfil axtarışlar aparılıb. Bildirilir ki, bu axtarışlar İsmayılov qardaşlarının adı keçən cinayət işində yeni şahid ifadəsi əsasında olub.
Telman İsmayılovun qardaşı Rafiq İsmayılov biri keçmiş ortağı olmaqla iki biznesmenin qətlini sifariş etmək ittihamı üzrə həbsdədir. Digər qardaşı Vaqif İsmayılov da bu qətllərlə bağlı axtarışa verilib. Hələlik, Telman İsmayılovun adının bu cinayət işində fiqurant kimi keçdiyinə dair məlumat yoxdur.
Təhlillər zamanı bildirilir ki, Telman İsmayılov ətrafında qaynayan prosesdə çox adam “yana bilər”. Onlar arasında güc strukturlarının bir neçə yüksək rütbəli nümayəndələrinin də olacağı qeyd edilir. Aparılan istintaqlar nəticəsində yayılan informasiyalardan belə aydın olur ki, milyarderin güc strukturlarında xeyli dostları olub.
Azərbaycanda isə Telman İsmayılovun dostları sırasında sabiq nəqliyyat naziri Ziya Məmmədov da var. Maraqlıdır ki, sabiq nazirin də adı ölüm işlərində hallanıb. Elə bu kimi hadisələrlə bağlı qəzetimizdə daha öncələr də çoxsaylı materiallar dərc olunub. Xüsusilə də son olaraq Telman İsmayılova məxsus “Mardan Palace” oteldə baş verən qətllə bağlı Ziya Məmmədovun da adı çəkilmişdi. Hazırda nazir postunu itirən və məlumatlara görə ölkədən çıxışına da qadağa qoyulan Ziya Məmmədov faktiki olaraq işsizdir. Telman İsmayılov kimi o da demək olar ki, hər şeyini itirmiş durumdadır. Ancaq bu da faktdır ki, “AST Telman” əlində olanları qurduğu biznes hesabına qazansa da, Ziya Məmmədov barəsində bunu söyləmək çətindir. Sabiq nəqliyyat nazirinin iflic etdiyi nəqliyyat sisteminə baxdıqda, çox mətləblərə aydınlıq gətirmək olar.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, əslində Azərbaycanda istənilən məmurda hansısa bir kriminal əməl tapıb, onu həbs etmək olar: “O cümlədən Ziya Məmmədov üçün də bu, keçərlidir. Bunu da daha çox hüquq-mühafizə orqanları bilirlər. “AST Telman”a qarşı Putin subyektiv hərəkət edir. Xüsusilə onun yəhudi olması və Putinin göstərişləri ilə hərəkət etməməsi Rusiya prezidentini çox qəzəbləndirib. Həmçinin onun “Mardan Palace” oteli də Putini qıcıqlandıran səbəblər sırasındadır. Telman İsmayılovu əvvəlcə müflisləşdirdilər, sonra da əmlakının böyük bir qismini müsadirə etdilər. Proses artıq Telman İsmayılovun həbs olunması həddinə qədər gəlib. Bu işdə yəhudi izi görürəm. Bu yaxınlarda başqa yəhudinin də üzərinə düşmüşdülər. Bütün bunlar göstərir ki, Rusiyada antisemitizm hərəkətdədir. Ziya Məmmədova gəlincə isə onu da vaxtı ilə Nəqliyyat Nazirliyinə gətirdilər. Əlində böyük səlahiyyətlər var idi. Sonradan da bunun əksinə olaraq, hər şeyi ondan aldılar. Mən demirəm ki, Məmmədov vəzifəsinə layiq, işinin öhdəsindən şərəflə gələn adam idi. Ancaq hər bir halda bəh-bəhlə gətirilən adam sonradan uyğun gəlməyən halda vəzifədən salındı. Nazirlik ləğv olundu, strukturları əlindən alındı və sairə. Vəzifədən çıxarmaq üçün konkret olaraq onun günahlarının hamısı sayılmalı idi. İnanmıram ki, Məmmədov heç bir vəzifə səhlənkarlığı etməyib. Bu adamın Abbas Abbasovla, Telman İsmayılovla bağlı da əlaqələri barəsində məlumatlar dolaşır. Onun hətta Dərbənd şəhərində Abbas Abbasovla birgə kommersiya müəssisələrin olması barədə də məlumatlar var. Dolaşıq bir düyündür. Adamlar necə ki, hüquq-mühafizə orqanlarının əlinə verilməyib və barələrində hökm çıxarılmayıb, onları nədəsə təqsirləndirə bilmərik. Ancaq yuxarıda dediyim kimi Azərbaycanda istənilən məmurun kifayət qədər nöqsanını tapmaq mümkündür. Siyasi iradə olarsa, onları istintaqa da cəlb etmək olar”.
İnterpress.az