Millətin xarakteri, görünüşü, xüsusiyyətləri, orta ömür müddəti digər amillərlə yanaşı qidalanma vərdişləri ilə, mətbəxi ilə də əlaqədardır. Azərbaycan mətbəxi öz zənginliyi ilə dünyada tanınır. Xüsusilə, ət, balıq, tərəvəz məhsullarının hamısından istifadə olunan bol çeşidli təamlar hər kəsi valeh edir. Bizim babalarımız da qədimdən bu zəngin mətbəxdən faydalanıb sağlam, uzunömürlü olmuşlar. Kalis kərə yağı, ağartı məsulları, ət, balıq… Bəs bugun yaşanan kəskin qiymət artımı imkan verirmi ki, bu zəngin nemətlərdən ölkə əhalisinin bütün təbəqələrinə məxsus insanlar faydalana bilsin?!
İnterpress.az xəbər verir ki, kərə yağı qiymətlərindəki kəskin artım diqqətlərdən qaçmır. Ötən illə müqayisədə kərə yağı qiymətləridə artım 100%-dən çox müşahidə olunur. Belə ki, kərə yağının qiymətinin artması ən çox istifadə olunan bitki yağları kimi günəbaxan, qarğıdalı və zeytun yağlarına da təsirsiz ötüşməyib. Bitki yağları qiymətləri ötən illə müqayisədə 30-40% bahalaşıb. Bəs bu qədər kəskin artımın səbəbi nədir?
Məsələ ilə bağlı əlaqədar qurumların açıqlamalarında bahalaşmanın səbəbləri xarici amillərlə əlaqələndirilir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bahalaşmanın əsas səbəbi kimi Yeni Zellandiya və Avstraliyada süd istehsalının kəskin azalmasını göstərir. Belə ki, 2016-cı ilin avqust ayından başlayan bahalaşmanın helə bir müddət də davam edəcəyi gözlənilir.
Bütün bunlara baxmayaraq, bahalaşmada daxili istehsalın zəif olmasının da böyük payı var. Ölkəmizdə ot və digər yem məhsullarının bahalaşması fermerlərin süd istehsalına marağını azaldıb. Bu səbəbdən də ölkəyə süd ixracı kəskin artıb. Bu da qiymətlərə təsirsiz ötüşməyib.
İnterpress.az