İnterpress.az xəbər verir ki, Anadolu Yayınçılar Dərnəyi və Qaradəniz Xəbər Agentliyinin təşkilatçılığı ilə baş tutan III Media Şurasına 31 ölkənin media mənsubu qatılıb.
Anadolu Yayınçılar Dərnəyinin baş katibi Çetin Altanın açıq elan etdiyi Media Şurasında AKP sədrinin müavini Hayati Yazıçı, AKP Rizə millət vəkili Hikmət Ayar, Rizə valisi Ərdoğan Bektaş, Anadolu Yayınçılar Dərnəyinin başqanı Sinan Burhan, Qaradəniz Xəbər Agentliyinin direktoru Həsən Yavuz Bakır və digərləri çıxış edərək, bu tədbirin önəmindən bəhs etdilər.
Tədbirdə iştirak və çıxış edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov ölkəmizdə internet medianın inkişafından danışıb. Ermənistan-Azərbacan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunan Azərbaycan torpaqlarının kibercinayətkarlar üçün münbit yer olduğunu deyən S.Abbasov medianın ortaq dəyərlərin təbliği baxımından mühüm vasitə olduğunu dedi.
Qonaqlar xarici media təmsilçilərinin bölgəyə səfərini Anadolu mediası ilə dünya mətbuatının inteqrasiyası olaraq mühüm bir hadisə kimi vurğuladılar.
Qeyd edək ki, Media Şurasında Azərbaycan heyəti geniş tərkibdə təmsil olunub. \”YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, İnteraz Televiziyasının əməkdaşı İqbal Rüstəmov, o cümlədən, Azərbaycan televiziyalarının Türkiyə təmsilçiləri Şurada iştirak və çıxış ediblər.
Media Şurası rəsmi çıxışlardan sonra öz işinə panellərlə davam edəcək.
İnterpress.az