Həmin müsahibəni təqdim edirik:
Yusif Həsən Əl- Saai: “Qətər Qarabağ probleminin siyasi yollarla həllini dəstəkləyir”
– Qarşıdan Qətər Dövlətinin Milli Günü gəlir. Sizi və Qətər xalqını təbrik edirik. Cənab səfir, bu Bayramın tarixindən danışardınız.
– Milli Gün 18 dekabr 1878-ci ildə Qətər Dövlətinin Banisi, Şeyx Casim bin Məhəmməd Al Tani tərəfindən yaradılması münasibətilə qeyd edilir və bu Bayram Qətərin yaranma tarixini, irsini və bu dövlət qurularkən əsaslandığı ali məqsədləri və ümidləri təcəssüm etdirir.
– Cənab səfir, ölkələrimizi birləşdirən tarixi köklərin dünənindən və bu günündən danışardınız, ümumiyyətlə Azərbaycan Respublikası ilə Qətər dövləti arasında rəsmi münasibətlər nə vaxt yaranmağa başlayıb və indiki vəziyyət qane edicidirmi?
– Qətər və Azərbaycan arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü ildə qurulub və Azərbaycan Prezidenti əlahəzrət İlham Əliyev cənablarının 2004-cü ildə Qətərə və Qətər Dövlətinin ata Əmiri Şeyx Hamad bin Xəlifə Al Tani cənablarının 2007-ci ildə Azərbaycana səfərlərindən sonra xüsusən inkişaf etmişdir. Əlahəzrət ata Əmirin Bakıya 2012-ci ilin martındakı səfərindən sonra əlaqələr daha da genişlənib. İki tərəfin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı səfərləri də genişlənmiş, bu da, özünəməxsusluğu ilə seçilən ikitərəfli əlaqələrə müsbət təsir etmiş və Qətər Dövlətinin Əmiri, əlahəzrət Şeyx Təmim bin Hamad Al Tani cənablarının 7 mart 2016-cı il tarixində Bakıya etdiyi səfər bu əlaqələrin zirvəsi olmuşdu. 2017-ci ildə bu əlaqələrdə böyük sıçrayış baş verdi ki, bu da Qətər hökuməti və Azərbaycan Respublikası arasında iqtisadi, ticari və texniki əməkdaşlıq birgə komissiyasının ilk iclasının 31 yanvar 2017-ci il tarixində Bakıda keçirilməsinə səbəb oldu. Əlahəzrət İlham Əliyev cənablarının 27 fevral 2017-ci il tarixində Dohaya etdiyi tarixi səfər də, iki dost ölkə arasında əlaqələrə güclü təkan verdi və biz yaxın gələcəkdə bu sahədə daha yüksək nəticələrə nail olmağa çalışırıq.
– Dövlət və hökumət başçılarının rəsmi səfərləri gözlənilirmi?
– Bildiyiniz kimi, Azərbaycan Prezidenti əlahəzrət İlham Əliyev 27/02/2017-ci il tarixində Qətərə səfər edib. İki ölkə arasında özəl əlaqələr olduğuna görə yaxın zamanda yüksək səviyyəli qarşılıqlı səfərlərin olacağını da gözləyirik.
– Regionda özünəməxsus hörmət sahibi olan Doha Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ probleminə rəsmi münasibəti necədir və bu problemin həllini hansı prinsiplər əsasında görür?
– Qətər dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Qarabağ probleminin siyasi yollarla, Təhlükəsizlik Şurasının 822,853,874, 884 saylı qətnamələrinə müvafiq olaraq həllini dəstəkləyir və bu da Cənubi Qafqaz strateji regionunda sabitlik və təhlükəsizliyə xidmət edir.
– Coğrafi yerləşməsinə görə aramızda olan böyük məsafələr ticari əlaqələrə təsir edirmi, ümumiyyətlə bu əlaqələr sizi qane edirmi və ölkənizin iqtisadiyyatının əsasını təşkil edən sahələr hansılardır?
– Həqiqətən, coğrafi uzaqlıq iki ölkə arasında əmtəə mübadiləsinə təsir edir, biz imkan dairəsində bu problemi aradan qaldırmağa çalışırıq ki, bu da iki ölkə arasında inkişaf edən ticari əlaqələri son zamanlarda və xüsusilə də Qətər blokadaya məruz qaldıqdan sonra əhəmiyyətli dərəcədə möhkəmləndirib. Hamıya məlumdur ki, Qətər iqtsadiyyatı böyük sıçrayışlarla inkişaf edərək planetin maliyyə sahəsindəki mənfi meyllərə rəğmən dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib. Buna neft, maye qaz, neft kimyası dəstəyi ilə digər sektorlarda, başda maliyyə, xidmət sahələri olmaqla və beş qitənin ölkələrində xarici investisiyaların genişləndirilməsi sayəsində nail olunub.
– Azərbaycan turizmin inkişafına böyük diqqət yetirir. Cənab səfir, sizin ölkənizlə turizm mübadiləsi hansı səviyyədədir?
– Azərbaycanda turizmin inkişafı üçün Qətər və Körfəz Əməkdaşlığı Şurası üzvləri olan dövlətlərin vətəndaşları üçün sərhəd məntəqələrində viza qaydalarının sadələşdirilməsi ilə əlaqədar Azərbaycan hökumətinin 2016-cı ilin fevralında qəbul etdiyi qərar müdrik bir addım oldu və son zamanlarda Körfəz ölkələrindən və həmçinin Qətərdən gələn turistlərin sayının əhəmiyyətli şəkildə artmasına gətirib çıxardı.
– Qətər müstəqillik əldə etdikdən sonra təhsilə böyük diqqət yetirərək və elm ocaqlarının sayını artıraraq Dohada təhsil qəsəbəsi yaradıb. Ölkələrimiz arasında təhsil mübadiləsi necədir?
– Qətər dövləti uğurlu və çiçəklənən cəmiyyətlərdə elm və təhsilin nə qədər əhəmiyyətli olduğunu bilirdi və ona görə də bütün gücü ilə mütərəqqi dövlətlərin sırasına qoşulmağa çalışırdı. Qətər dövlətinin Əmiri, əlahəzrət Şeyx Təmim bin Hamad Al Tani cənablarının 7 mart 2016-cı il tarixində Bakıya etdiyi səfər zamanı iki ölkə arasında təhsil, ali təhsil, elm və elmi tədqiqat sahələrində əməkdaşlıq barədə anlaşma Protokolu imzalanıb və Qətər Əmiri bu sahədə Qətər təcrübəsindən istifadə etməklə bağlı Azərbaycana lazımi dəstəyi göstərəcəyini bildirib. Son zamanlarda təhsil sahəsindəki əməkdaşlıqda inkişaf qeydə alınıb və iki tərəf arasında əməkdaşlıq imkanlarını araşdırmaq və təcrübə mübadiləsi etmək səyləri yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərində öz əksini tapıb.
– Cənab Səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?
– İki ölkə arasında birgə iqtisadi, ticari və texniki əməkdaşlıq komissiyasının yaranması investisiyalar və iqtisadiyyat sahələrində əməkdaşlıqda yeni bir səhifə açdı. İnvestisiyalar üçün və xüsusən də kənd təsərrüfatı, inşaat və turizm sektorlarında bütün imkanların olduğu bir şəraitdə iki dost ölkə arasında ən yaxın gələcəkdə həqiqi strateji tərəfdaşlığa nail olmaq üçün biz mümkün olan hər şeyi edəcəyik.
İnterpress.az