Bir neçə gün öncə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları vətəndaşları dolandıraraq külli miqdarda vəsaitlərini mənimsəyən Sumqayıt şəhər sakini Qəmər Ağamirzəyevanı saxlayıb. Polisə edilən şikayətlərdə bildirilir ki, o, Moskvada yaşayan ünlü ekstrasens Zirəddin Rzayevin adından istifadə edərək bir neçə şəxsdən böyük miqdarda nağd pul və qızıl alıb. İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a açıqlama verən Zirəddin Rzayev belə bir adamı ümumiyyətlə tanımadığını deyir:
– Bütün sosial şəbəkələrdə hesablarım var. Hər birində tez-tez paylaşımlar edirəm, orada əlaqə nömrələrim də yazılıb. Üstəlik, hər dəfə bildiriş yazırıq ki, uzaq məsafələrlə işləmirəm, heç bir ölkədə köməkçim yoxdur, mənim adımdan sizə yardım təklif edən insanlardan mənimlə birbaşa videogörüntü tələb edin. Təəssüf ki, Qəmər Ağamirzəyeva kimi saxtakarların toruna düşənlər hələ də var. Onunla bağlı polisə şikayət edən şəxslə əlaqə qurduq. Bəlli oldu ki, həmin şəxsdən mənə çatacağı adı ilə 15 min manat nağd pul, qızıl-zinət əşyaları alınıb. Zərərçəkənə deyiblər ki, Zirəddin yol-nəqliyyat qəzası keçirib, indi danışa bilmir, sonra sizi əlaqələndirəcəyik. Bir müddət sonra həmin adama bir nəfər zəng edib, mənim adımdan danışıb, heç bir narahatlığa əsas olmadığını deyib. Zəng qapalı nömrədən olub. Hətta bu fakt belə zərərçəkəni şübhələndirməyib. İnanıram ki, belə saxtakarlıqla məşğul olanlar bir dəstədir və onların hamısı qanunla cəzalandırılacaqlar.
– Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı sizinlə əlaqə saxlayıbmı?
– Hələlik mənə Bakıdan heç bir zəng olmayıb. Amma istənilən suala cavab verməyə hazıram. Qəmər Ağamirzəyeva iddia edir ki, mənimlə Bakıda tez-tez görüşürmüş, aldığı qızılları, pulları da mənə verib. Azərbaycana giriş-çıxışla bağlı Miqrasiya Xidmətində bütün bilgilər var. Mənim ölkəyə gedib-gəldiyimi müəyyən etmək bir neçə dəqiqəlik işdir. Bəzilərinə isə deyib ki, pulu Moskvaya göndərmişəm. Necə göndərib? Bank yolu köçürmə olubsa, bunu da müəyyən etmək asandır. Yox, əgər pulu ölkədən nağd çıxarıblarsa, bu da sərhəddəki deklarasiyalarda qeyd olunur. Kim gətirib, mənimlə kim görüşüb? Mən Moskvadan ümumiyyətlə çıxmamışam. Bütün bunlar hamısı vətəndaşları aldatmaq, mənim adımla onların külli miqdarda vəsaitini mənimsəməkdən başqa bir şey deyil. Ukraynada da mənim adımdan istifadə edənlər var. Onlardan biri Xəyal Ələkbərovdur. O, Ukrayna TV-lərində ekstrasensorika ilə bağlı verilişlərin qonağı olur. Bir neçə dairədə özünü mənim müəllimim adlandırıb. Cəfəngiyyatdır. Bu bacarıq insanın fitrətində olur, onu hər hansı müəllimdən dərs alaraq qazanmaq mümkün deyil. Mən Xəyal Ələkbərovu həyatda bir dəfə də görməmişəm. Ona da xəbər yolladım ki, əgər mən gerçəkdən də onun tələbəsiyəmsə, bir şəkimizi, bir ortaq dostumuzu göstərsin. Göstərə bilməz, çünki, nə belə bir şəkil, nə də insan var. Bir daha deyirəm, insanlara bacardığım yardımı edirəm, ancaq birbaşa ünsiyyətdə. Hər hansı telefonda, ya sosial şəbəkələr üzərindən yazışmalarda ehtiyatlı olsunlar – əlaqə qurduqları adam mən olmaya bilərəm. Yalnız videoəlaqə quraraq məni görsələr, vasitəçilik təklif edən insana inana bilərlər. Əks-halda onları da Qəmər Ağamirzəyevanın qurbanının taleyi gözləyir.
İnterpress.az