Azərbaycanda narın bolluğunu və milli mətbəxdə çox istifadə olunduğunu nümayiş etdirmək üçün bu resepti bir çox yerli nar yeməkləri ilə birlikdə özümün “Pomegranates & Saffron” adlı yemək kitabıma daxil etmişəm. Beləliklə, dostlar, siz mənim yemək kitabıma eksklüziv bir nəzər salmış olursunuz. Mən sizə görə çox həyəcanlıyam! Özüm üçün də, çünki mən hər zaman sizinlə reseptlərimi bölüşəndə həyəcanlı oluram! Yeri gəlmişkən, yemək kitabımı Bakıdakı Əli və Nino kitab mağazalarından ala bilərisniz. Birinci nəşr məhdud sayda çap olunub və ümid edirəm siz onu əldən buraxmayacaqsınız.
Bu arada bu ilin nar mövsümünün ləzzətini çıxarın – bir narı kəsin, içindən o qiymətli dənələri çıxarın, özünüz və sevdikləriniz üçün narnumru bişirin və ləzzətlə yeyin.
Bir də ki, Türkiyədə yaşayan blogger dostum Zerrinin narlı yumurtasına da onun bloqunda nəzər salın. Zerrin mənim kitabımdakı reseptdən istifadə edib. Onun yeməyi də çox dadlı görünür!
Narlı Yumurta (Narnumru)
4 porsiya üçün
Qeyd: Tavada nar dənələrinin qatı seyrək olmamalıdır, sıx və qalın olmalıdır. Həm də, daha dadlı olması üçün şirəli dənələri və xırda tumları olan turşaşirin narlar götürün. İstəsəniz şəkildəki kimi bir yumurta ilə hazırlanmış birnəfərlik narnumru da bişirə bilərsiniz. Bu zaman digər ərzaqları da balaca, 18 sm-lik tavaya uyğunlaşdırmalısınız.
Ərzaqlar
6 xörək qaşığı ərinmiş yağ, yaxud adi kərə yağı*
1 orta ölçülü soğan, incə doğranmış (1 stəkan)
4 stəkan şirəli nar dənələri (4 orta ölçülü nardan)
4 iri yumurta
Duz
Üyüdülmüş qara istiot
Hazırlanması
Yağı orta ölçülü tavada orta istilikdə əridin. Soğanı əlavə edib təxminən 10 dəqiqə tez-tez qarışdıraraq açıq qızılı rəng alana qədər bişirin.
Nar dənələrini əlavə edin, qapağını örtün və təxminən 10 dəqiqə orta aşağı istilikdə vaxtaşırı qarışdıraraq dənələr şirələrinin bir hissəsini buraxana qədər bişirin.
Yumurtaları bir-bir, səliqə ilə, bir-birindən eyni məsafədə, sarıları pozulmayacaq şəkildə tavanın içinə qırın. Zövqə görə duz və istiot vurun. Təxminən 5 dəqiqə, yumurtaların ağı bişənə, sarılarınsa üzəri bərkiyənə qədər bişirin (qapağı örtə də bilərsiniz). Sarıların ortaları bir qədər yumşaq qalmalıdır. Odun üzərindən götürün və dərhal çörəklə süfrəyə verin.
* Əgər adi (ərinməmiş) kərə yağından istifadə edirsinizsə onun yanmasının qarşısını almaq üçün tavaya kərə yağı ilə birlikdə bir çay qaşığl zeytun yağı əlavə edin. ((az cookbook))
İnterpress.az