İnterpress.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal, Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Çağrıcı və digər rəsmi şəxslər, o cümlədən, diplomatlar və deputatlar, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, yerli sakinlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Sonra ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışında “Böyük Ermənistan” xülyasının ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verən Əli Həsənov qeyd edib ki, Xocalı soyqırımı zaman-zaman öz məqsədlərinə çatmaq üçün ermənilərdən xalqlarımıza qarşı istifadə edən böyük güclərin maraqlarının daha bir göstəricisi, XX əsrin ən ağır bəşəri faciələrindən biridir. İstanbulun bu dilbər güşəsində Azərbaycan adına gözəl bir parkın salınması və bu abidənin ucaldılması xalqlarımızın tarixi bağlılığı ilə mövcud olan Azərbaycan və Türkiyə qardaşlığına bariz nümunədir. Bu parkın salınması və Xocalı abidəsinin ucaldılması acılarımıza göstərilən ehtiram, eləcə də sülh çağırışıdır. Saxta “erməni soyqırımı” mövzusu ilə illərdən bəri Türkiyəyə qarşı ədalətsiz mövqe nümayiş etdirən tərəflər yaxşı olar ki, Xocalı soyqırımına ədalətli mövqe sərgiləsinlər. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirən Əli Həsənov qeyd edib ki, məhz bu doğma münasibətin nəticəsi olaraq tərəflər təmənnasız şəkildə bir-birinin maraqlarını müdafiə edirlər. Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınmasının zəruriliyini vurğulayan Prezidentin köməkçisi Əli Həsənov Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin tədqirəlayiq olduğunu qeyd edib. O bildirib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası sayəsində bu sahədə böyük nəticələr əldə olunub.
İnterpress.az