“Ümumiyyətlə, aparıcılar özlərinə fikir verməlidir. Saqqalla, papaqla efirə çıxmazlar. Aparıcının əynində kostyum və qalstuk olmalıdır. Cəmiyyətə nümunə olmalıdırlar. Yoxsa, efirə it günündə çıxsalar, Tolik kimi, o birilər kimi. Birinin papaq başında, birinin təsbeh əlindədir. Tolikə demək istəyirəm ki, sən papaq niyə geyinirsən? Gül kimi saçların var”.
Bunu İnterpress.az-a açıqlamasında əməkdar artist, müğənni Əli Mirəliyev bildirib. Ə.Mirəliyev saqqalla efirə çıxanları sərt şəkildə tənqid edib: “Saqqalla efirə çıxmağın adı nədir, axı, mən başa düşə bilmirəm. Gah, üzlərini taraş edirlər, gah saqqalla efirə çıxırlar. Nə demək istəyirlər bununla? İmic deyə-deyə efirlərimiz bu günə qaldı. Mən burda bu cür efirə çıxanlara demək istəyirəm ki, efir sizin üçün deyil”.
Əməkdar artist efirdə ifa olunan mahnılardan da danışıb: “Onları özləri boş buraxıblar, indi də yığışdıra bilmirlər. Efir onların deyil, xalqındır. Musiqi də xalqındır. Biz bunlara, əgər, laqeyd yanaşsaq, bu, gəlib xaos vəziyyətinə çıxacaq. Kim nə istəyəcək edəcək efirdə. Kim nə istəyəcək oxuyacaq efirdə. Heç bilinməyəcək ki, oxuduğu kürd mahnısıdır, Mozambik mahnısıdır, ya kitay mahnısıdır”.
Müğənni bildirib ki, o, indiyə qədər nə saqqal saxlamayıb, nə də, papaq geyinməyib: “Mən heç vaxt başıma papaq qoymamışam, saqqal da nə olan şeydir heç bilmirəm. Uşaqlıdan ta indiyə qədər mən heç vaxt papaqdan istifadə etməmişəm. Çünki, papaq geyinsəydim, saç düzümümü dağıdardı. Mən Ukraynda hərbi xidmətdə olmuşam. Soyuq bir yerdə. Heç orda da papaq geyməmişəm. Hərbi papağı da geyinmirdim mən”.
İnterpress.az