Paytaxt Bakının florasına qənim kəsilən məmurlarbackend

Paytaxt Bakının florasına qənim kəsilən məmurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hər iki icra başçısı rayon ərazisində “ağac soyqırımı”na başlayıblar. Söhbət Nəsimi və Nərimanov rayonunda “ağac soyqırımı”nı həyata keçirən icra başçılarından gedir. Hətta Nəsimi rayonunun icra başçısı Asif Əsgərovun flora və faunaya qarşı ta əzəldən antipatiyasının olduğu hiss olunur. A.Əsgərovun, ümumiyyətlə, yaşıl rəngdən də xoşunun gəlmədiyi görünür. Sual edib səbəbini soruşmağınız normaldır. Amma cavab nə qədər gülünc görünsə də, adam rayon ərazisindəki ağacların qəniminə çevrilib.

A.Əsgərovla yanaşı, Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev ağac kəsimində hörmətli həmkarından heç də geri qalmır. Kənardan baxanda elə görünür ki, hörmətli başçılarımız “ağac kəsimi” yarışmasının final iştirakçılarıdır. Allah cənubi amerikalıların üzünə baxıb, möhtərəm başçılarımız onlarla eyni yerin sakini olmayıblar. Yoxsa, məşhur Amazon meşələri məhvü-labüd olacaq və yerində obyektlər tikilərək icarəyə veriləcəkdi.

Bəli, elə sözügedən hörmətli başçılarımız rəhbərlik etdikləri rayon ərazisində yaşıllaşdırma işlərini “obyektləşdirmə”, “əmlaklaşdırma” və “satınlaşdırma” kimi başa düşüblər. Ona görə də, hər ikisi rayon ərazilərindəki ağacları kəsərək, ya yerini satır, ya da həmin yerdə obyekt tikdirib icarəyə verir ki, əlavə pul qazansınlar.
Hər iki başçının sözügedən rayonlarda qanunsuz tikinti işləri həyata keçirdiyi bildirilir. Hətta bununla bağlı mətbuatda dəfələrlə yazı getməsinə baxmayaraq, rayonlarımızın merləri əllərindəki baltanı yerə qoymacaqlarında israrlıdırlar. Nəsimi rayon sakinləri iddia edirlər ki, A.Əsgərov məhəllələrdəki ağacları kökündən kəsdirib yerinə beton tökdürür.

Bununla da, paytaxtın ən yaşıl rayonlarından olan Nəsimi və Nərimanov rayonlarında başladılan “hərəyə bir ağac kəsək” kampaniyasının mahiyyəti artıq bəllidir. Həmin ağaclar məhv edilərək yeri bahalı qiymətə satışa çıxarılır. Vaxtilə, Ulu Öndər Heydər Əliyevin zərbaycana rəhbərlik etdiyi dövrdə həmin ərazilərdə həyata keçirdiyi yaşıllaşdırma işləri indi bəzi məmurlar tərəfindən məhv edilir.

Məlumat üçün bildirək ki, bir neçə il öncə Asif Əsgərov Səbail RİH-nin başçısı vəzifəsində işləyərkən oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu. Hadisə nəticəsində “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyev, 16 yaşlı Sənan Mirzəyev Asif Əsgərovun oğlunun avtomobilində dünyasını dəyişmişdi. 2014-cü ilin sonlarında baş vermiş qəzada günahkar olmaqda ittiham edilən icra başçısının oğlu ötən ilin noyabr ayının 12-də “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” məhkəmənin hökmü ilə cəzadan dərhal azad edildi. «Howo»nun sürücüsü Əhliman Süleymanov isə 6 il həbs cəzası aldı.

İnterpress.az