İnterpress.az xəbər verir ki, Azərbaycanda “Adnan Oktar tərəfdarları” kimi tanınan yeni cəmiyyət formalaşıb. Cəmiyyətin əsas məqsədi Türkiyədə ilahiyyatçı kimi tanınan Adnan Oktarın (Harun Yahya) təqdim etdiyi İslamı Azərbaycanda təbliğ etməkdir.
Sözügedən ideologiyanın əsas tərəfdarlarının hədəfi Azərbaycanda geniş Adnan Oktarçı kütlə toplamaqdan ibarətdir. Ona görə də həmin təbliğatçılar bu istiqamətdə ciddi cəhdlə çalışırlar. Eyni zamanda, Azərbaycanda həmin şəxslərin məqsədlərinə çatmaq üçün, lazım gələrsə, silaha əl atacaqları barədə məlumatların olduğu deyilir.
Bundan əlavə, Adnan Oktarın qatı tərəfdarlarından hesab edilən Azərbaycandakı nümayəndələrindən bir neçəsi sosial media üzərində təbliğat kampaniyalarını işə salıblar. Onlar arasında, Savalan Məmmədli və Rafət Əlizadə adlı Azərbaycan vətəndaşları sosial media üzərində Adnan Oktar dinini təbliğ etməkdə aktiv fəaliyyət göstərirlər.
Adnan Oktarın Azərbaycanda kifayət qədər qadın tərəfdarları da mövcuddur. Bəzi məlumatlarda, Oktarın insan alveri ilə məşğul olduğu iddia edilir. Eyni zamanda, vurğulanır ki, Oktarın azərbaycanlı köməkçiləri tərəfindən Azərbaycandan olan qadınların Adnan Oktarın hüzuruna cəlb olunmaları üçün müxtəlif kampaniyalar aparılır. Kampaniya çərçivəsində ideologiya tərəfdarlarının azərbaycanlı qadınları müxtəlif yollarla aldadaraq Adnan Oktarın yanına apardığı deyilir. Həmçinin, məlumatda qeyd olunur ki, A.Oktar xüsusi uyuşdurucu maddələr vasitəsilə insanları və xüsusən də, qadınları ələ almağı bacarır.
İdeologiyanın Azərbaycandakı tərəfdarlarından biri olan Savalan Məmmədli Adnan Oktarı sosial media üzərindən hər gün tərifləməklə məşğuldur. Onlar Adnan Oktarın Azərbaycana gətirilmiş kitablarını satmaq üçün açıq-aşkar sərgilər və yarmarkalar təşkil edir. O, Adnan Oktarı 10 ildir tanıdığını qeyd edərək bununla qürur duyduğunu bildirib:
“İmanıma vəsilə olan, ağlımın açılmasına, dünyaya baxışımın dəyişməsinə vəsilə olan canımdan çox sevdiyim, bu dünyada yaşayan insanlar içində ən çox sevdiyim insan, Hocam Adnan Oktarla birlikdə şəklimiz. MaşaAllah, əlhamdilullah. Dəyərli Hocam ağlı, imanı, dərinliyi, Allaha, dinə olan sevgisi, bağlılığı, dini yaşamaqda göstərdiyi qətiyyətliliyi, İslam üçün, Allah üçün bütün həyatını adaması, dünyada yanlış olan hər cür düşüncəyə, sistemə qarşı apardığı qətiyyətli, güclü elmi mübarizəsi, sahib olduğu, yaşadığı gözəl əxlaqı və s. saymaqla bitirə bilməyəcəyim gözəl xüsusiyyətləri ilə bütün səmimi iman edənlərə örnəkdir. Hocamızı tanımağımın, Onun imanını, gözəl əxlaqını örnək almağımın, Onunla və möminlərlə birlikdə bu davada mübarizə aparmağımın 10 ili tamam olur. MaşaAllah, əlhamdilullah. Allah bütün ömrümü, son nəfəsimə qədər bütün həyatımı bu davada Allah üçün, İslam üçün mübarizə apararaq yaşamağı nəsib etsin, canımı mömin olaraq, cəhd üstündə alsın, şəhid olmağı nəsib etsin inşaAllah. Canım Hocam sonuna qədər yanınızdayam!”.
Qeyd edək ki, zaman-zaman Adnan Oktarın qurbanlarına çevrilən azərbaycanlı qadınların olduğu barədə mətbuatda dəfələrlə yazılar dərc olunub. Ümid edirik ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sözügedən məsələ ilə əlaqədar olaraq araşdıra aparacaq və dövlətimiz və dövlətçiliyimiz əleyhinə hər hansı təxribatlar törətmək istəyənlərin cəhdi uğursuz olacaq.
İnterpress.az