Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları Yevlaxda 15 iyun – “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25-ci ildönümünü ilə əlaqədar \”Zəfərə doğru\” adlı bayraq yürüşü keçiriblər.
Bu barədə İnterpress.az-a DSX-nın mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, Xidmətin Yevlax rayonunda yerləşən hərbi hissəsində Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən DSX-nın rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.
E. Quliyev xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin sarsılmaz iradəsi, əzmi və zəngin dövlətçilik təcrübəsi sayəsində qısa zaman ərzində ölkədə sabitliyi bərpa etməsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qоrumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsini xatırladıb: “95 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsi ən müasir tələblər səviyyəsinə qaldırılıb”.
Təntənəli düzülüşdən sonra 2 km uzunluqda dövlət bayrağımız başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissədən çıxarılaraq vətənpərvərlik mahnılarının sədaları və yerli sakinlərin izdihamlı alqışları altında zəfər yürüşü keçirilib.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atları üzərində sərhədçi süvarilərin başları üzərinə ucaltdıqları dövlət bayrağının tədbirə cəlb olunmuş zirehli döyüş texnikalarının üzərində də dalğalanması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.
İnterpress.az