Bu gün Azərbaycanda polislər günü kimi qeyd olunur.
Məşhurlar arasında bir çox tanınmış şəxslərin eyni zamanda polis orqanlarında çalışdıqlarından çoxları xəbərsizdir.
İnterpress.az Azərbaycanda başqa sahə üzrə məşhur olan polisləri oxuculara təqdim edir:
Elnur Məmmədli – 2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli artıq doqquz ildir ki, polis əməkdaşıdır. O, 2009-cu ildə Polis Akademiyasına qəbul olub və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşıdır.
Namiq Abdullayev – Azərbaycanın əfsanəvi güləşçisi kimi tanınan, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayev də polis orqanlarında çalışır. 47 yaşlı idmançı 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Polkovnik-leytenant rütbəsini daşıyan Abdullayev hazırda polis orqanlarında çalışır.
Cabir İmanov – Hamının sevimlisi, tanınmış aktyor, \”Planet Parni iz Baku\” ən professional üzvlərindən olan Cabir İmanov da 19 ildir ki, polis orqanlarında çalışır. Daha çox gülüş ustası kimi tanıdığımız 41 yaşlı aktyor da polis polkovnik-leytenantıdır.
Eduard Məmmədov – Məşhur kikboksinq Eduard Məmmədov Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşıdır. O, polis polkovnik-leytenantıdır. Məmmədov bir neçə ildir ki, Azərbaycan polisinin sıralarında çalışmağa başlayıb.
Müğənni Azərin – Xalq artisti Azərin Azərbaycanın Silahlı Qüvvələrində xidmət edir. O, baş leytenant vəzifəsində çalışır.
Mövlud Mirəliyev – O, Pekində keçirilən Olimpiya oyunlarının bürünc mükafatçısı, veteran cüdoçudur. Mirəliyev də hazırda polis orqanlarında çalışır. O, polis mayorudur.
Ceyhun Məmmədov – Azərbaycanın ən çox tituluna sahib olan samboçusu, doqquzqat dünya çempionu Ceyhun Məmmədov da polis polkovnik-leytenantı rütbəsini daşıyır.
Qeyd edək ki, xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov da polis orqanlarında çalışır. Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan da polis əməkdaşıdır. Tanınmış futbol hakimi, FİFA referisi Fariz Yusifov uzun illərdir polis əməkdaşıdır. O, hazırda polis kapitanıdır.