Türkiyə bu addımı ilə Avropanı şoka saldıbackend

Türkiyə bu addımı ilə Avropanı şoka saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Qara dənizdə qaz yatağı aşkar etməsi başda Rusiya olmaqla, digər böyük güclərin də bu regiona olan marağını artıracaq.

Bunu Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Türkiyənin Qara dənizdə tarixinin ən böyük qaz yatağını kəşf etməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Aralıq dənizində gərginlik davam etdiyi zamanda Türkiyənin Qara dənizdə belə bir kəşfi olduqca mühüm hadisədir:

“Türkiyə regionun xüsusi çəkiyə sahib, qüdrətli ölkələrindədir. Son illərdə fərqli regionlarda apardığı hərbi əməliyyatlar, siyasi bəyanatlar bu ölkənin artıq regional güc deyil, qlobal güc olmaq istədiyini göstərir. Bununla belə, Türkiyənin arzulanan güc olması yolunda hələ də bəzi maneələr qalmaqdadır. Bunlardan bəlkə də ən önəmlisi Türkiyənin neft və qaza olan xarici asılılığıdır. Təəssüf ki, rəsmi Ankara Yaxın Şərqin digər ölkələrindən fərqli olaraq, neft və qaz ehtiyatları baxımından kasıbdır. Məhz bu səbəbdən Türkiyə uzun illərdir həm Qara, həm də Aralıq dənizində karbohidrogen yataqlarını kəşf etməyə çalışır. Son illərdə isə artıq bu kəşflərin nəticələrini görmək mümkündür. “Fateh” tədqiqat gəmisinin 320 milyard kubmetrlik təbii qaz yatağı kəşf etməsi bunun bariz sübutudur.

Bu, həm də böyük ümidlər vəd edir. Çünki qeyd etdiyim bu kəşf digər qaz yataqlarının da xəbərçisi ola bilər. Yəni Türkiyə bu istiqamətdə digər yataqları kəşf edə bilsə, xaricdən enerji asılılığına tamamilə son qoyacaq. Bu isə daha güclü bir Türkiyə görəcəyimiz deməkdir”.

Politoloqun fikrincə, Aralıq dənizində Türkiyəyə qarşı yaradılan gözlənilməz cəbhə bu ölkənin bütün faydalı qazıntılarla bağlı çalışmalarının dayandırılmasını hədəfləyir:

“Aralıq dənizində günbəgün artan gərginlik faktiki olaraq türk-yunan rəqabəti konteksindən çıxıb. Fransa, İsrail, Misir, Yunan Kipri kimi ölkələr Türkiyənin regionda karbohidrogen yataqları axtarmasını dayandırmaq istəyirlər. Çünki bu reallığı hər kəs yaxşı bilir ki, Türkiyə xaricdən enerji asılılığını azalda bilsə, bu, adıkeçən ölkələrin rəsmi Ankaranın regiondakı üstünlüyünü qəbul etməsinə gətirib çıxaracaq.

Lakin Türkiyənin gözlənilmədən Qara dənizdə təbii qaz yatağı aşkar etməsi şok effekti yaratdı. Məsələ ondadır ki, hər kəs Türkiyənin Şərqi Aralıq dənizində yataq axtardığını zənn edirdi. Lakin kəşf xəbəri Qara dənizdən gəldi. Bu isə öz növbəsində ona dəlalət edir ki, Türkiyə faktiki olaraq ona qarşı olan ölkələrin başını regionda qataraq, öz istəyinə nail ola bildi. Düşünürəm, Qara dənizdə növbəti təbii qaz yataqlarının kəşf xəbəri də gələcək. Əgər bu reallaşarsa, Türkiyə 2023-cü ildən sonra Qara dəniz qazı ilə xarici ölkələrdən təbii qaz asılılığına son qoya biləcək”.

 

İnterpress.az